Məmmədov Fikrət Elşad oğlu
_______________________________
Soyad: Məmmədov
Ad: Fikrət
Ata adı: Elşad
Doğum tarixi: 29.06.1997
Şəhid olub: 11.11.2020
Rütbə: Əsgər
Təltifləri
"Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı
Fikrət Elşad oğlu Məmmədov 29 iyun 1997-ci ildə Ucar rayonunun Müsüslü kəndində anadan olub. Hələ 9 yaşında ikən anasnı itirən Fikrəti nənə-babası böyüdüb. 2003-cü ildə Müsüslü kəndində yerləşən Əhliman Məmmədov adına tam orta məktəbinə 1-ci sinifə gedib. 2014-cü ilin may ayında elə həmin məktəbi bitirib.
Fikrət dinə çox bağlı bir insan idi. Hətta Göyçay rayonunda dini kursa da getməyə başlamışdı, amma müəyyən səbəblərdən kursu yarımçıq qoyub. 2015-ci il iyul ayında Vətənə borcunu yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərlə bərabər yola düşüb. Vətənə qulluğunu Füzuli rayonunda edib. 2017-ci ilin yanvar ayında hərbi xidmətini başa vuraraq, geri qaydıb.
2019-cu ildə Fikrət bir yerdə işlədiyi xanımla ailə həyatı qurub. Amma çox təəssüf ki, toyu günü qapıbir qonşusu dünyasını dəyişib, toy mağarına bağlanan qırmızılar açılıb. Fikrət arzuladığı kimi toy edə bilməyib.
2020-ci il, sentyabrın 27-də Vətən Müharibəsi başlayır. Ali Baş Komandanın əmrilə qismən səfərbərlik elan olunur. Fikrətə də çağırış gəlir və sentyabrın 29-da ailəsilə sağollaşıb, Ucar rayon hərbi komissarlığından birbaşa Füzuliyə yola düşür. Döyüşlərdə qəhrəmancasına vuruşan igidimizin ailəsi ilə son danşığı oktyabrın 30-da olub. Atasına “Mənimlə fəxr edə bilərsən, Vətənə layiqincə xidmət edirəm”,- deyib.
Oktyabrın 31-də 31 nəfər döyüş yoldaşı ilə Şuşa istiqamətində düşmənlə döyüşə girirlər. Onlardan 8 nəfəri düşmənin minamyotla açdığı atəşə tuş gəlir, 7 nəfər həmin andaca şəhid olur. Fikrət isə ayağından ağır yaralanır. Yanında olan döyüş yoldaşı onu çiyninə alaraq, bir az aparır, sonra isə Fikrət yoldaşına "üşüyürəm, məni yerə qoy",- deyir. Döyüş yoldaşı onu yerə qoyur. Çoxlu qan itirən Fikrət gözlərini əbədi yumub, şəhidlik zirvəsinə ucalır. Fikrəti çiyinlərində gətirən döyüşçü yoldaşı da Ucardan idi.
Noyabrın 8-i Fikrətin şəhid xəbəri gəlir. Noyabrın 11-i cənazəsi doğulub-böyüdüyü Müsüslü kəndinə gətirilib, kənd məscidinə qoyulur. Noyabrın 12-də kənd qəbristanlığında dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Fikrət Məmmədov ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə","Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
* * *
Qohumu, tanınmış hüquqşünas Sahib Məmmədov şəhadətindən bir neçə gün sonra Fikrətin haqqında bunları yazmışdı:
"Ötən il noyabırın 16-da Fikrətin toyu idi. Atası Elşad məni də dəvət etmişdi. Bizim Müsüslü kəndindəki hazırda heç kəsin yaşamadığı evimizin həyətinə girmək üçün əvvəlcə ümumi darvazadan keçmək lazımdır. Bu darvazadan keçdikdən sonra dörd həyətə giriş var. Hamımız qohumuq. Həmin məhəllədə Fikrətin toy çadırı qurulmuşdu ötən il bu vaxt. Fikrətin adını babası qoymuşdu. Fikrətin özündən bir neçə yaş fərqi olan bacısı da var. Körpə vaxtlarında analarını itirdilər. Gənc anaları uzun sürən xəstəlikdən vəfat etmişdi.
Ramazan bayramında bizim zona qəbristanlğa gedib rəhmətə gedənlərini yad edirlər. 6-7 yaşlarında olan qardaş və bacının analarının məzar daşını qucaqlayıb acı-acı ağlamaları heç zaman gözümün önündən getmir...
Toyuna bir gün qalmış hamımızı şoka salan bir xəbər aldıq. Eyni həyətdə bizimlə qonşu olan əmioğlu Əlvan (Bakıda yaşayırdı) vaxtsız və qəflətən vəfat etmişdi. Əlvan bütün el-oba üçün əziz bir insan idi. Hamının xeyir-şərində birinci özünü çatdırardı. Belə alındı ki, bir həyətdə daha başqa çadır quruldu. Toy və hüzür çadırlarının arasında 50 metrdən az məsafə olardı. Fikrət xəbəri alan kimi toy çadırındakı və darvazadakı qırımızı parçaları "mənim bəxtim belədir" deyib açıb yerə atmışdı. Toya gələnlərin hamısı əvvəlcə hüzür yerinə gəlirdi, daha sonra toya. Musiqisiz, gülüşsüz, rəqs olmayan toya...
Səfərbərliyin ilk günlərində döyüşə getmişdi. Şuşa uğrunda döyüşlərdə ağır yara alıb. Mənə danışdılar ki, döyüş yoldaşlarına deyib ki, siz davam edin. Özü qalıb və şəhid olub. Neçə gün idi hamı ümid edirdi ki, bəlkə sağdır. Ümidimiz boşa çıxdı. Toyunun bir ili tamam olmağa bir neçə gün qalmış həmin həyətdə, həmin yerdə yenə çadır qurulmuşdu. Şəhid Fikrət Məmmədlini qarşılamaq üçün".