Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 27 sentyabr Anım günü qeyd olundu

27 sentyabr 2021 | 16:00

Ucar rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə 27 sentyabr Anım günü münasibətilə tədbir keçirilmişdir.

Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilk əvvəl rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoydu, ruhlarına dualar oxundu.

Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri Şəhidlər Xiyabanının ərazisində ağac əkdilər.

Şəhidlər Xiyabanında məzarlar ziyarət olundu, məzarların önünə tər çiçəklər qoyuldu.

Anım mərasimini Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Anım günü kimi qeyd edilməsi məhz savaşın başlanma tarixi ilə eyniləşdirib. Xalqımız hər il savaşla bağlı 44 gün sürəcək tarixi prosesləri qeyd edərkən, ilk olaraq məhz şəhidlərimizin xatirəsini anmaqla başlayacaq.

Qeyd olunub ki, Birinci Qarabağ savaşında 39 nəfəri itkin olmaqla 154 nəfər, Vətən müharibəsində 23 nəfər Ucarlı gənc şəhidlik zirvəsinə ucalıb.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarının azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

Rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi vəzifəsini icra edən Pərviz Hüseynov, şəhid Təhmiraz Cavadovun anası Xəysə Cavadova, şəhid Elnur Vəliyevin atası Əli Vəliyev, mayor Elnur Hacıyevin qızı Hicran Hacızadə, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Qarabağ əlilləri və şəhid ailələri İB-nin rayon şöbəsinin sədri Rahib Rəsulov, rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov çıxışlarında qeyd etdilər ki, torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.

Şəhidlərimiz heç vaxt unudulmayacaq. Azərbaycanın Müzəffər Ali Baş Komandanın uzaqgörən və müdrik siyasəti nəticəsində haqq savaşınız bir çox ölkələr tərəfindən düzgün qarşılandı. Bu tarixə hər kəs öz işində, öz əməlində davam etdirməlidir.

Anım günü ilə əlaqədar saat 1200-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra rayonun Çiyni kəndində Vətən müharibəsində ilk şəhidimiz Hüseyn Həsənovun məzarı ziyarət olunub, ildönümü mərasimində iştirak olunub.

Həmçinin rayonun bütün kəndlərində şəhidlərimizin anım mərasimləri keçirilmişdir.

27 sentyabr 2021-ci il tarixdə - bu gün xalqa müraciət edən Müzəffər Ali Baş Komandanımızın dediyi kimi: “Anım günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı yerdə qalmadı. Biz onların qanını aldıq! Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdır. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.

Keçidlər