Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

          Ucar rayonu 24 yanvar 1939-cu ildə yaradılmışdır.

          Rayonun adı, qədim yaranma tarixi haqqında müxtəlif fikirlər söylənilir.

          Ərəb coğrafiyaşünası Əl-Sitəkrinin "Məmləkətlərin yolları" kitabında Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında da Ucar sözünə rast gəlinir. Bəzi mülahizələrə görə rayonun adı Azərbaycan dilindəki "Uçar" sözundən əmələ gəlmişdir. Digər mülahizələrdə rayonun adının qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürüldüyü iddia olunur. Ucar sözünün "Ucqar" sözündən götürülməsi fikrini söyləyənlər də var.

          Hazırda Ucar rayonunun Azərbaycanın mərkəzi hissəsində yerləşməsinə baxmayaraq vaxtı ilə Şirvanşahların paytaxtı Şamaxı şəhərindən ən ucqar ərazidə yerləşdiyinə görə adının "Ucqar" sözündən götürüldüyü də ehtimal edilir.

          Ucar rayonunun ərazisi keçmişdə Şirvan bəylərbəyliyinin, sonralar Şamaxı xanlığının, daha sonra 1840-ci ilin 10 aprelində inzibati islahata əsasən Kaspi vilayətinin, 1846-cı ildə isə Şamaxı qurberniyasının tərkibində olmuşdur. 1859-cu ildə Şamaxı zəlzələ nəticəsində dağılandan sonra quberniyanin mərkəzi Bakıya köçürülmüşdür. 1867-ci ilin dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılmışdır. Bu zaman Ucar rayonu Göyçay qəzasının tərkibində olmuşdur. 1930-cu ildə qəza bölgüsü ləgv edilmiş və rayon inzibati ərazi bölgüsünə keçilmiş, Ucar rayonu Göyçay rayonunun tərkibində saxlanılmışdır. 1939-cu il yanvar ayında Ucar Göyçay rayonunun tərkibindən ayrılaraq müstəqil rayon kimi təşkil olunmuşdur.

          1963-cü ildə Ucar rayonunun ərazisində dəyişiklik edilmişdir. Belə ki, 1963-cü ildə Zərdab rayonu ləgv edilərək, onun ərazisi, yəni 856 kv.km sahəsi ilə birlikdə Ucar rayonuna verilmişdir. 1965-ci ildə Zərdab rayonu yenidən müstəqil rayon kimi bərpa olunarkən Ucardan ayrılmışdır.

 

Keçidlər