Şriftin ölçüsü :

Saytın rəngi :

Ələkbərov Vüqar Telman oğlu

_______________________________________

Soyad:                  Ələkbərov

Ad:                        Vüqar

Ata adı:                Telman

Doğum tarixi:      16.11.1994

Şəhid olub:         15.10.2020

Rütbə:                 Gizir

Təltifləri

   

"Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı

Vüqar Telman oğlu Ələkbərov 1994-cü il noyabrın 16-da Ucar rayonunun Qazyan kəndində anadan olub.2001-2010-cu illərdə Qazyan kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2010-2014-cü illərdə isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində "Avtomobilin təmiri və servisi" üzrə təhsil alıb.

Vüqar Ələkbərov 2014-cü ilin iyul ayında Ucar Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət elədi. Hərbi xidməti zamanı fərqləndiyinə görə "baş əsgər " hərbi rütbəsi alıb.

Hərbi xidmətini başa vurduqdan sonra Vüqar Ələkbərov 2016-cı ilin yanvarından Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başladı.

2017-ci ilin yanvar ayında Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində (XTD) xidmətini davam elədi. Həmin ilin fevral ayında isə xidmətinə Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində davam etdi. 2017-ci il mayın 29-da nümunəvi xidmətinə görə "kiçik gizir" hərbi rütbəsi alaraq İriçaplı Pulemyot Yarımqrupunun Komandiri vəzifəsinə təyin edilib.

Vüqar Ələkbərov 2018-ci ildə "gizir" hərbi rütbəsi alıb və bir il sonra, 2019-cu ildə Xüsusi Təyinatlı Dəstənin zirehli maşınlar üzrə rəhbəri vəzifəsinə təyin edilib.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Vüqar Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağı istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Füzuli istiqamətində strateji əhəmiyyətə sahib olan mövqelərin azad edilməsində, o cümlədən Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Vüqar Ələkbərov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Ucar rayonunun Qazyan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldıöı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Vüqar Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən,Vüqar Ələkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Vüqar Ələkbərov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhidin həyat və döyüş yolu ilə bağlı video:

https://www.youtube.com/watch?v=DrPwGeB_A7Q

Keçidlər