Şriftin ölçüsü :

Saytın rəngi :

Vəliyev Elnur Əli oğlu

_________________________________

Soyad:               Vəliyev

Ad:                     Elnur

Ata adı:              Əli

Doğum tarixi:    14.04.1997

Şəhid olub:       13.11.2020

Rütbə:               Leytenant

Təltifləri

          

"Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı, "Şücaətə görə" medalı, "Vətən müharibəsi iştirakçısı"medalı

Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə, hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu gün haqqında söz açacağımız qəhramanımız 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan, Xüsusi Təyinatlı Qüvvələrin Leytenantı Elnur Vəliyevdir.

Şəhidimiz 14 aprel 1997-ci ildə Ucar rayonunda anadan olub. Elnur Vəliyevlər ailəsinin sonbeşiyi, 3 bacının bir qardaşı idi. O, orta məktəbi burada bitirdikdən sonra, 2014-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olur. 2018-ci ildə universiteti bitirdikdən sonra isə, Xüsusi Təyinatlı Qüvvələrin(XTQ) təlimlərinə qatılır. Beləcə Elnurun hərbi həyatı başlayır, uşaqlıq arzusu çin olur. Elnur Vəliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Elnur Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Vəliyev oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra “Vətən Uğrunda”, "Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və "Şücaətə görə” medalıları ilə təltif edilib.

Ailəsi Elnurun tam olaraq hansı şəraitdə şəhid olduğunu bilmir, dostlarının dediyinə görə tank minasına düşüb. Elə şəhidin kimliyi də, DNT analizi vasitəsilə təsdiqlənib.. Elnurun atası Əli dayı deyir ki, bala, dərdimiz böyükdür, gözümün ağı-qarası bir oğlum var idi, onu da itirdim, amma, Vətən sağ olsun:

“Oğlum bildiyimiz qədəri ilə Şuşa döyüşlərində iştirak edib. Düzü bu haqda dəqiq məlumatımız yoxdur. Axırıncı dəfə sentyabr ayının 23-ü evə gəldi, 2 saat oturub getdi. Ondan bir neçə gün sonra isə, zəng edib dedi ki, təlimə gedirəm. Biz nigaran qalmayaq deyə, döyüşə getdiyini gizlətdi”. Şəhid atası söyləyir ki, oğlum ailəsinə və Vətəninə olduqca bağlı olub.

“Tək bizim övladımız yox, elə, XTQ-in bütün əsgərlərinin Vətən sevgisi bir başqa idi. Həmin əsgərlərdən bir neçəsi rayon xəstəxanasına yaralı halda gətirilmişdi. Hələ, heç tam sağalmamışdılar, deyirdilər ki, burada dayana bilmirik, döyüşə qayıtmaq istəyirik”. Ata oğlunun evə sonuncu zəngindən də söz açdı. O dedi ki, Elnur axırıncı dəfə zəng edəndə sevincini dəstəyin bu biri ucundan açıq-aydın hiss etmək olurdu:

“Oğlum bizə, ən son 25 oktyabrda zəng etmişdi. Füzulidə qazandıqları uğuru fəxrlə danışırdı. Deyirdi ki, düşməni hər iki tərəfdən sıxışdırıb, məhv edib öz əsgərlərimizlə üz üzə gəldik, o an sevincimizdən qucaqlaşdıq, zəfərimizi qeyd etdik. Burada Azərbaycan əsgərinin görüşü, qələbəsi təntənəli olub. Ermənilərin çəkdiyi beton istehkamı keçmişdilər. Daha sonra isə oğlumdan səs-soraq çıxmadı. Düzü biz düşünürdük ki, burada həm set yoxdur, həm də, döyüş gedir deyə zəng edə bilmir. Noyabırın 3-ü oğlumuzdan xəbər gəldi, dedilər ki, şəhid olub, əvvəlcə inanmadıq. Axı kim övladının yoxluğunu qəbul edər? İçimizdə bir ümüd var idi, ta ki, rəsmi xəbər gələnə qədər. ..”

Bacısı Gülnarə xanım da qardaşı haqqında kövrələrək, lakin qürurla bəhs etdi. O deyir ki, qardaşımın 6 il idi ki, sevdiyi var idi. Hərisi alınmışdı, noyabrda nişan edəcəkdik qismət olmadı:

“Pandemiya ilə bağlı olaraq məzuniyyətə gələ bilmirdi, ona görə də nişan ləngiyirdi. Sentyabr ayında 2 saatlıq gəlmişdi, biz də deyirdik ki, bir dəfə elə gəl ki, heç olmasa iki gün qal, nişan edək sənə. Arzularımız, istəklərimiz var idi Elnurla bağlı... Çox istiqanlı övlad olub. Axırıncı dəfə gələndə də anama hədiyyələr, -televizor tozosoran almışdı. Təzə ev tikdirmişdi, onun içini doldururdu”.

Gülnarə xanım söyləyir ki, tək oğlan övladı olduğu üçün, evdə Elnurun hərbiyə getməyini istəməyiblər: “Məktəb vaxtı dərslərində yaxşı idi, 3 il hazırlığa qoyduq. Fövqaladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmağını istəyirdik, amma, balı çatmadı. O həmişə deyirdi ki, “siz mənim haqqımda xəyallar quranda, mən artıq 5-ci sinifdən öz planlarımı cızmışdım”. Hərbiçi olmaq uşaqlıqdan arzusu idi”.

Şəhidin böyük bacısı Lalə İbrahimova da, qəhərli, titrək səsi ilə qardaşı haqqında xatirələrini bizimlə bölüşdü. Lalə xanım deyir ki, qardaşımın yoxluğunu biz qəbul etsək də, nişanlısı qəbul etmir, edə bilmir, hələ də sevdiyinin yolunu gözləyir.

“Elnur heç vaxt bizi nigaran qoymaq istəməyib, buna görə elə danışırdı ki, valideynlərimizin ürəyi rahat olsun. Nə keçdiyi ağır təlimləri bizə bildirirdi, nə də ki ağrılarını... Axırıncı dəfə gələndə hiss olunurdu ki, nə isə narahatdır. Gedəndə heç vaxt görüşüb, ağlamırdı, amma bu dəfə gedəndə, təkrar qayıdıb anamı bir də qucaqladı. Halbuki anama həmişə deyərdi, “mən gedəndə arxamca ağlama”. Oktyabr ayının ortalarına kimi, bizə müharibədə olduğunu bildirmədi. Dediyim kimi, istiqanlı və düşüncəli insan olub, onunçün Vətən və ailə hər şeydən öncə gəlirdi...”

Torpaq uğrunda ölən varsa Vətəndir deyirlər. Bəli, qaraca torpağı Vətən edən, yüzillər, minillər boyunca üstünə hopmuş Elnurların qanıdır. Əcdadlarımızdan bizə miras qalan milli ruh bu gün hər bir Azərbaycanlının qəlbində şəhidlərimizin qanı ilə bir daha möhkəmləndi. Elnur Vəliyevin timsalında bütün şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirik.

Şəhidin həyat və döyüş yolu ilə bağlı video:

https://www.youtube.com/watch?v=DNefMlnGBIY

Keçidlər