Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

2025-ci il ərzində Ucar rayonunda görülmüş işlər barədə və 2026-cı ildə qarşıda duran vəzifələr və görüləcək işlər barədə

          Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun inkişaf etdirilərək, ölkəmiz öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir.

          Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli 432 nömrəli Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonda müvafiq tədbirlər həyata keçirilmiş, dəyirmi masalar, elmi-praktik konfranslar, müxtəlif diskussiyalar təşkil olunmuşdur. Həmçinin, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ucar Rayon İcra Hakimiyyəti tərəfindən keçirilmiş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda, Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi ilə əlaqədar, 20 sentyabr–Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbirlər kütləviliyi ilə seçilmişdir.

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 iyul 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” uğurla icra olunur və bu, ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaratmışdır.

          Təbii ki, Respublikamızda gedən hərtərəfli və məqsədyönlü inkişaf rayonumuzun sosial-iqtisadi sahəsində də özünü göstərmişdir. Belə ki, il ərzində rayon üzrə ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,0 faiz, sənaye 10,0 faiz, əsas kapitala investisiya 16,3 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 9,0 faiz, pərakəndə ticarət dövriyyəsi 4,0 faiz, informasiya və rabitə xidməti 49,1 faiz artmışdır.

          2025-ci il ərzində rayonun gəlirlərinin və xərclərinin tənzimlənməsi üçün Respublika büdcəsindən dotasiya alınmamışdır.

          2025-ci ildə rayonda abadlıq işləri davam etdirilmiş, şəhərin 28 May, M.V.Vidadi küçələrində, Veteranlar parkında, Heydər Əliyev prospektində işıqlandırma sistemləri qurulmuş və bərpa edilmişdir. Şəhərin Heydər Əliyev prospekti, Nəsimi, Sadıq Qarayev, Həbibi, Mehdi Hüseynzadə, Kamal Ağayev, Dədə Qorqud, 8 Noyabr, Tofiq İsmayılov, Mirzə İbrahimov, Əli Səfəroğlu, Zərdabi, Arif Əhmədov və Nizami küçələrində asfaltlama işləri aparılmışdır.

Torpaqların su təminatını yaxşılaşdırması

          Rayonun Qarabörk, Qazyan, Boyat, Bağban və Yuxarı Şilyan kəndlərini əhatə edən “Kəspər” və rayonun Şahlıq, Alpout, Lək və Xələc kəndlərini əhatə edən “Qızlıq” suvarma kanallarının genişləndirilməsi üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmış, rayonun 8 kəndini suvarma suyu ilə təmin edən R6 kanalının əsaslı təmiri işləri başa çatdırılmışdır. Həmçinin, “Kəspər” arxının 5,5 kilometrlik hissəsinin yenidənqurulması işləri başa çatdırılmışdır. Göyçay çayının köhnə yatağının bərpası layihəsi hazırlanmışdır. Maliyyə vəsaiti ayrıldıqdan sonra işlərin həyata keçirilməsinə başlanılacaqdır.

Sosial Xidmətlər

          Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran regional filialı tərəfindən sosial xidmətə ehtiyacı olan şəxslərə sosial xidmətlərin göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. 3 nəfər əlilliyi olan şəxs Agentliyin tabeliyində olan Peşə-əmək Reabilitasiya Mərkəzinə yönləndirilmiş, 6 nəfər imtiyazlı şəxs sanatoriya-kurort yollayışı ilə təmin edilmişdir. Ünvanlı dövlət sosial yardım alan ailələrin birinci sinfinə gedən 124 nəfər övladına məktəbli çantası və məktəbli forması verilmişdir.

          2025-ci ildə 2236 nəfər işaxtaran kimi qeydiyyata alınmış və 1195 nəfər işlə təmin edilmişdir. 2025-ci il ərzində 19 ailə “Özünüməşğulluq” proqramı vasitəsilə iri buynuzlu heyvanlarla təmin edilmişdir.

Kənd təsərrüfatının inkişafı

          2025-ci ilin məhsulu üçün 4232 hektar sahədə buğda əkilmiş, 11764 ton məhsul toplanılmış, məhsuldarlıq 27,8 sentner olmuşdur. 8872 hektar sahədə arpa əkilmiş, 24486 ton məhsul toplanılmış, məhsuldarlıq 27,6 sentner olmuşdur. 329 hektar kartof, 1705 hektar tərəvəz, 1786 hektar yonca əkilmişdir.2025-ci ildə çəltikçiliyin inkişaf etdirilməsi məqsədilə 1641 hektar sahədə çəltik əkilmiş, 4296,8 ton məhsul toplanılmışdır. 2025-ci ildə 1695,8 kq barama istehsal olunmuşdur.

          Mal-qaranın baş sayı 86922-yə çatdırılmış, heyvanların cins tərkibinin yaxşılaşdırılması tədbirləri davam etdirilmişdir. 2025-ci il ərzində 920 baş iri buynuzlu, 224 baş xırda buynuzlu heyvan identifikasiya olunmuşdur.

          2025-ci ildə 66924 baş iri buynuzlu, 123397 baş xırda buynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı peyvəndləmə işləri aparılmışdır.

          “2025-ci il Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli 357 nömrəli Qərarının 12.1-ci hissəsinə əsasən siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını, siyahıyaalmaya cəlb olunacaq təlimatçı-nəzarətçilərin və sayıcıların vaxtında müəyyənləşdirilməsini təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə rayon Komissiyası yaradılmış və siyahiyaalmanın mütəşəkkilliklə keçirilməsi təmin edilmişdir. İl ərzində təsərrüfatbaşına kitabların işlənilməsi nəzarətdə saxlanılmış və yol verilmiş nöqsanların aradan qaldırılıması üçün tapşırıqlar verilmişdir.                                                       

Poçt və telefon rabitəsi xidməti

          “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Aran Regional filialının Ucar şöbəsi tərəfindən rayonun bir şəhər və 29 kənd yaşayış məntəqəsində yeni GPON texnologiyasının tikintisi başa çatdırılmış və abunəçilərə yüksək sürətli internet xətlərinin qoşulması davam etdirilmiş, internetdən istifadə edən abunəçilərin sayı 9723-ə çatdırılmışdır.

          2025-ci il ərzində əhaliyə və müəssisələrə göstərilən xidmətdən əldə olunan tarif gəliri 100,3 faiz yerinə yetirilmişdir. Göstərilmiş xidmətlərin 2,4 milyon manatı əhali sektorunun payına düşməklə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,1 milyon manat çox xidmət göstərilmişdir.

Elektrik enerjisi

          2025-ci il ərzində 8,9 km 10 kilovoltluq elektrik verilişi xətti əsaslı, 26,1 km cari təmir olunmuş, 13,0 km 0,4 kilovoltluq elektrik verilişi xətti əsaslı, 34,6 km cari təmir olunmuşdur. 13 ədəd transformator əsaslı, 250 ədəd cari təmir olunmuşdur. Rayonun Bərgüşad və Türkəci kəndlərində kabelləşmə işləri başa çatdırılmış, rayonun Qazıqumlaq kəndinin elektrik verilişi sisteminin yenidən qurulması işləri davam etdirilmişdir. Rayonun Qaracallı kəndində elektrik enerjisinin zəif olduğu ərazidə 2 ədəd 160 kilovoltluq transformator quraşdırılmışdır.

          Şəbəkə üzrə elektrik enerjisinin dəyərinin toplanılması 92,1 faiz, əhali üzrə 99,0 faiz təşkil etmişdir.

Təbii qaz

          Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsi tərəfindən 2025-ci il ərzində qaz təchizatı sisteminin istismarı, təmiri və yenidənqurma işləri davam etdirilmişdir. Rayonda bütün yaşayış məntəqələrinin 100 faiz qazlaşdırılması işləri başa çatdırılmışdır. Müxtəlif diametrli qaz xətlərində bərpa və yenidənqurma işləri həyata keçirilmiş, ərazidə 122 ədəd sızma, 155 ədəd neqativ hallar aradan qaldırılmışdır. 12 ailə yeni qaz xəttinə qoşulub, yeni abunəçilərin qaz tələbatı təmin olunmuşdur. Ucar Xidmət Sahəsinə daxil olan 104 çağırış üzrə vətəndaş müraciətləri araşdırılıb və həll edilmişdir. Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin ailə üzvlərinin müraciətlərinə əsasən qaz xətlərinin yeri dəyişdirilmiş, istismar müddəti bitmiş 2350 ədəd mexaniki və smart tipli qaz sayğacları yeniləri ilə əvəzlənmişdir. Ucar Xidmət Sahəsinin daxili imkanları hesabına rayonun Qazıqumlaq, Xələc, Məlikballı, Əlikənd, Ramal, Qaracallı, Qazyan, Lək və Təzə Şilyan kəndlərində və şəhər ərazisində yeraltı və yerüstü qaz xətləri təmir olunmuşdur.

          Rayonun Lək kəndinin qaz təzchizatı sistemində pərakəndə çəkilmiş və korroziyaya uğramış hissələrinin yenidən qurulması işləri davam etdirilir.

          2025-ci il ərzində ümumilikdə satılmış qazın dəyərinin toplanması yerinə yetirilmişdir.

Özəl investisiya

          2025-ci il ərzində rayonda sahibkarlığın inkişafına diqqət daha da artırılmış, sahibkarlara 14 layihə üzrə güzəştli şərtlərlə 535,5 min manat kredit verilmişdir.

          Rayonun iqtisadiyyatına özəl investisiyaların artırılması istiqamətində görülən tədbirlər nəticəsində Qarabörk kəndi ərazisində yanacaqdoldurma məntəqəsi yenidən qurulmuş, 2024-cü il ərzində 400,0 min manat, 2025-ci ilin yanvar ayında isə 200,0 min manat olmaqla cəmi 600,0 min manat vəsait xərclənmişdir. Rayonun Qarabörk kəndi ərazisində mövcud Quşçuluq müəssisəsində yenidənqurma işləri aparılmış, 2,0 milyon manat vəsait xərclənmiş, müəssisənin gücü ildə 1500,0 ton quş əti istehsalına çatdırılmışdır. Bundan əlavə Qarabörk kəndi ərazisində gündəlik emal gücü 20,0 ton olan çəltik emalı müəssisəsi tikilərək istifadəyə verilmiş, bu məqsədlə 600,0 min manat vəsait xərclənmişdir. Ümumilikdə 2025-ci il ərzində rayon iqtisadiyyatına sahibkarlar tərəfindən 2 milyon 820 min manat vəsait qoyulmuşdur.

Təhsil         

          2025-ci il ərzində rayonun 44 ümumtəhsil məktəbinin 615 sinif komplektində 11848 şagirdin təlim tərbiyəsi ilə 1059 nəfər müəllim, 23 məktəbəqədər təhsil müəssisəsində 852 uşağın tərbiyəsi ilə 109 nəfər pedaqoji işçi məşğul olmuşdur.

          İl ərzində məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yenidən qurulması diqqət mərkəzində olmuş, müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində lazımi tədbirlər görülmüşdür.

          Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, bilik-bacarıq və qabiliyyətlərinin formalaşdırılması yönümündə zəruri tədbirlər hazırlayıb həyata keçirilməsi ilə əlaqədar rayonda 2 məktəbdənkənar təhsil müəssisəsi–Uşaq Gənclər İnkişaf Mərkəzi və Uşaq Gənclər İdman-Şahmat Məktəbi fəaliyyət göstərir.

          2024-2025-ci tədris ilində məzunlardan 227 nəfəri ali təhsil müəssisələrinə qəbul olmuş, onlardan 11 nəfəri 600 baldan yüksək nəticə göstərmişdir.

          2024-2025-ci tədris ilində keçən ilin müvafiq dövrü ilə müqayisədə ali təhsil müəssisələrinə qəbulda 600 baldan yüksək nəticə göstərən məzunların sayı artmışdır.

          2024-2025-ci tədris ilində Ucar şəhər 2, 3, 4, Qazyan 3, Xələc, Müsüslü və Qaracallı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəblərinin ali təhsil müəssisələrinə qəbul nəticələri yüksək olsa da, Ucar şəhər 5 nömrəli, Yuxarı Şilyan, Məlikballı, Bağban, Qazıqumlaq 1, Bərgüşad 2 və Küçəkənd kənd tam orta ümumtəhsil məktəblərində ali təhsil müəssisələrinə qəbul nəticələri zəif olmuşdur.

          Məzunlardan rayonun Qaracallı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Nəzrin Saadova qızıl nişanla təltif olunmuşdur. Blok imtahanında III ixtisas qrupu üzrə Müsüslü kənd tam orta ümumtəhsil məktəbin məzunu Aysel Babaşlı 395.5 bal toplayaraq region üzrə ən yüksək nəticə göstərmiş, ümumi balı 691.3 olmuşdur. Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin məzunu Fuad Cənnətov rus bölməsi üzrə 391.7 bal toplayaraq II qrup üzrə Respublikada ən yüksək nəticə göstərmiş və ümumi balı 674 olmuşdur.

          2025-ci ildə rayon mərkəzində Heydər Əliyev Fondu tərəfindən müasir standartlara uyğun tədris avadanlıqları ilə təchiz olunmuş 720 şagird yerlik Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasının tikintisi başa çatdırılmışdır.

          2025-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Uşaq Gənclər İnkişaf Mərkəzi, Ucar şəhər 7 nömrəli körpələr evi-uşaq bağçası cari, Ucar şəhər 1, 2 və 4 nömrəli körpələr evi-uşaq bağçaları əsaslı təmir olunmuşdur.

Səhiyyə   

          Hazırda rayon əhalisinə Mərkəzi Xəstəxana, Ailə Sağlamlıq Mərkəzi, 11 kənd həkim məntəqəsi, 11 tibb məntəqəsi, 2 kənd Ailə Sağlamlıq Mərkəzi tibbi xidmət göstərir.

          Rayonun səhiyyə sistemində 2025-ci il ərzində 107 ştat vahidi olmaqla 55 nəfər həkim kimi fəaliyyət göstərir.

          2025-ci il ərzində “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə 110 xəstəxana çarpayısı fəaliyyət göstərmişdir. Əhalinin hər 10000 nəfərinə 12,5 çarpayı düşür. Hesabat ilinin 12 ayı ərzində rayon üzrə stasionara 2270 nəfər xəstə daxil olmuş, 2196 nəfər müalicə olunub evə yazılmış, 9 nəfər stasionarda vəfat etmişdir. 46 nəfər başqa xəstəxanaya köçürülmüşdür.

          2025-ci il ərzində stasionarda 9 ölüm hadisəsi olmaqla, onlardan 1-i terapiya şöbəsində, 8-i reanimasiya şöbəsində vəfat etmişdir.

          Rayonda yoluxucu xəstəliklərə qarşı mübarizə işi gücləndirilmiş, yerlərdə aparılan profilaktiki tədbirlər nəticəsində bir sıra təhlükəli yoluxucu xəstəliklər, o cümlədən polimelit, göyöskürək, malyariya qeydə alınmamış və ya aşkar edilməmişdir.

          2025-ci il ərzində uşaqların sağlamlığının müayinəsi istiqamətində işlər davam etdirilmiş, uşaqların icbari dispanserizasiyası həyata keçirilmiş, aşkarlanan xəstəliklərin müalicəsi Rayon Mərkəzi Xəstəxanasında və ya Bakı şəhərində davam etdirilmişdir.

Mədəniyyət

          2025-ci ildə rayon əhalisinə mədəniyyət müəssisələri vasitəsilə mədəni xidmət göstərilmişdir.

          Rayon mədəniyyət və folklor evlərində, klublarda əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə tarixi və əlamətdar günlərlə əlaqədar keçirilmiş tədbirlər Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəliyinin daim diqqət mərkəzində saxlanılmışdır.

          Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun tabeliyində olan kitabxanaların kollektivləri də son illərdə işdə dönüş yaratmağa, “Kitab bayramı” və kitab müzakirələri yolu ilə kitab təbliğini gücləndirməyə çalışmışlar.

          Ucar Rayon Heydər Əliyev Mərkəzində ilboyu “Ulu Öndər Heydər Əliyevin ömür yolu” adlı layihə həyat keçirilmişdir. Layihənin keçirilməsində məqsəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, siyasi fəaliyyətini və dövlətçilik xidmətlərini gənc nəslə tanıtmaq, onun milli dövlətçilik ideyalarını, müstəqil Azərbaycanın qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü tarixi işləri təbliğ etmək, gənclərdə vətənpərvərlik, dövlətə sədaqət, milli-mənəvi dəyərlərə hörmət hisslərini formalaşdırmaq olmuşdur.

İdman   

          2025-ci il ərzində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektoru və Ucar “Gənclər Evi” sosial xidmət müəssisəsi öz fəaliyyətlərini daha da canlandırmağa səy göstərmiş, gənclərin fiziki və mənəvi cəhətdən möhkəmlənməsinə, vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə, gənclərin asudə vaxtının səmərəli təşkili üçün səy göstərmişdir. Bu məqsədlə çoxsaylı idman tədbirləri, yarışlar, intellektual oyunlar keçirilmiş, dəyirmi masalar, görüşlər təşkil olunmuşdur.

          Gənclər və yeniyetmələrdə hərbi vətənpərvərlik hissinin gücləndirilməsi məqsədilə 2025-ci ilin mart ayında məktəblilər arasında “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmiş, Qaradağlı kənd tam orta ümumtəhsil məktəbinin komandası qalib kimi zona yarışında iştirak etmişdir.

İctimai təşkilatlar və qeyri-hökümət təşkilatları

          Rayonda 6 siyasi partiya, 10 ictimai təşkilat fəaliyyət göstərmişdir. 4500 nəfərdən çox üzvü olan Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatı aktiv fəaliyyətdə olmuşdur.

          Hesabat ilində “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun icrası əsas vəzifələrdən olmaqla fəaliyyətdə olan 26 məscid və 19 dini icmanın qanunamüvafiq fəaliyyət göstərməsi nəzarətdə saxlanılmış, xoşagəlməz hallar müşahidə olunmamışdır. Rayon üzrə 14 məsciddə rəsmi təyinatlı din xadimləri, digərlərində isə cavabdeh şəxslər fəaliyyət göstərir.

          İl ərzində qeyd olunan Qanunun icrası Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılmış, vaxtaşırı olaraq Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yerli şöbəsi və əlaqədar təşkilatlarla birlikdə toplantılar, görüşlər keçirilmiş, söhbətlər aparılmışdır.

          2025-ci ildə ideoloji maarifləndirmə işinin rayonda təşkilinə müəyyən səy göstərilmişdir. Ulu Öndərin irsinin öyrənilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli siyasəti, Müzəffər Ali Baş Komandan-xalq-ordu birliyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, vətənpərvərlik, Vətən müharibəsi Zəfəri, milli maraqlar və həmrəylik, xalqa layiqli xidmət, multikulturalizm, dövlətin müsbət imicinin təbliği və sair maarifləndirmə işinin əsas mövzuları olmuşdur.

          İdeoloji maarifləndirmə tədbirləri əsasən Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binalarında, Ucar Rayon Heydər Əliyev Mərkəzində, Ucar Gənclər Evində, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində, Rayon Mədəniyyət Mərkəzində, rayonun kəndlərində fəaliyyət göstərən mədəniyyət müəssisələrində, məktəblərdə və kitabxanalarda keçirilmişdir.

Hərbi vətənpərvərlik

          İl ərzində hərbi mükəlləfiyyətlilərin ordu sıralarına çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi əlaqədar təşkilatların diqqət mərkəzində saxlanılmaqla gənclərimizin ordu sıralarına hərbi xidmətə təntənəli mərasimlərlə göndərilməsi rayonda ənənə halını almışdır. Ordu sıralarına çağırışa dair verilmiş tapşırıqlar vaxtında yerinə yetirilmişdir.

Qanun pozuntularına qarşı mübarizə

          2025-ci ildə ölkəmizdə sabitlik və təhlükəsizlik şəraitinin mövcud olduğu dövrdə rayonda qanun pozuntularına qarşı mübarizə, ictimai asayişin və insan hüquqlarının təmin edilməsi sahəsində aparılan tədbirlər davam etdirilmiş, kriminogen durumun sabit saxlanılmasına səy göstərilmişdir.

          2025-ci ildə rayonda 141 cinayət hadisəsi qeydə alınmış, onlardan 134 cinayət hadisəsinin üstü açılmış, 7 cinayət hadisəsi bağlı qalmış, digər cinayət hadisələri hazırda icraatdadır və araşdırma aparılır.

          2025-ci ildə Ucar Rayon Polis Şöbəsində 7 münaqişəli ailə və 3 nəfər yetkinlik yaşına çatmayan qeydiyyatda olmuşdur. Hüquq qaydalarını müxtəlif formalarda pozan 105 nəfər azyaşlı olmuş və 28 nəfər azyaşlı barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. 2025-ci ildə yetkinlik yaşına çatmayanların qanunsuz əməyə cəlb edilməsi ilə bağlı fakt aşkar edilməmişdir. 7 nəfər təhsildən yayınan şagird təhsilə cəlb edilmişdir. Hesabat ili ərzində yetkinlik yaşına çatmayanlar 6 cinayət hadisəsi törətmişdir. Həmçinin də onlara qarşı 6 cinayət hadisəsi törədilmişdir. Yetkinlik yaşına çatmayanlar tərəfindən intihar hadisəsi baş verməmişdir.

          2025-ci ildə 11 nəfər cinayətkar kimi, 7 nəfər itkin düşən kimi, 282 nəfər isə mülki qaydada axtarışa verilmiş, onlardan 10 nəfər cinayətkarın, 237 nəfər isə mülki qaydada axtarışa verilən şəxsin tutulması təmin olunmuş, 11 nəfər cinayət törədən kimi axtarışa verilmiş şəxslərin 10 nəfəri tutulmuş, itkin düşmüş 7 nəfərin isə 7 nəfəri də tapılmışdır.

          2025-ci il ərzində narkotiklərlə bağlı rayon üzrə 37 fakt aşkar edilmişdir. Onlardan 27-si saxlama, 9-u satış, 1-i isə əkin olmuş və cəmi çəkisi 7 kq 056,826 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür.

Başçının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Bələdiyyələr         

          Əvvəlki illərdə olduğu kimi 1 şəhər, 15 kənd olmaqla Başçının 16 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərmiş və öz işlərini “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun qurmağa səy göstərmişlər.

          2025-ci ilin yanvar ayının 29-da keçirilmiş bələdiyyə seçkilərində Rayon İcra Hakimiyyəti Seçki Məcəlləsinə uyğun olaraq 94 saylı Ucar Seçki Dairəsi və 95 saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsi üzrə 52 seçki məntəqəsinin texniki təchizatı, bina şəraitinin təlimata uyğun hazırlanması üçün lazımi tədbirlər görmüşdür. Rayonda seçkinin keçirilməsi Təqvim Planına uyğun yerinə yetirilmişdir. Rayon üzrə 9 bələdiyyənin 105 üzvünə qarşı 202 nəfərin namizədliyi irəli sürülmüşdür.

          29 yanvar 2025-ci il tarixinə 94 saylı Ucar Seçki Dairəsi üzrə 53900 nəfər seçicidən 16954 nəfəri və ya 31,45 faizi və 95 saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsi üzrə 3018 nəfər seçicidən 950 nəfəri və ya 31,48 faizi seçkidə iştirak etmişdir.

          Bələdiyyələrə seçilmiş 105 nəfərdən 38 nəfəri gənc, 43 nəfəri qadın olmaqla 77 nəfəri Yeni Azərbaycan Partiyasının üzvüdür. Bələdiyyələrə seçilmiş 105 nəfərdən 100 nəfəri ali təhsilli olmuşdur.

          Qeyd olunan qurumlar rayon mərkəzində, kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq və quruculuq işlərində, yerli əhəmiyyətli məsələlərin həllində iştirak etmişlər.

         Vətəndaş müraciətləri

          Əvvəlki illərdə olduğu kimi Rayon İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların müraciətlərinə baxılması sahəsində aparılmış tədbirlər davam etdirilmişdir.

          “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun yerinə yetirilməsinə lazımi diqqət yetirilmiş, vətəndaşlardan elektron formada göndərilmiş müraciətlərinə baxılaraq vaxtında cavablar verilmişdir.

          2025-ci ildə Rayon İcra Hakimiyyəti Başçısı Aparatına mərkəzi icra orqanlarından vətəndaş müraciətləri ilə əlaqədar 32 ədədi nəzarətdə, 53 ədədi şikayət, 335 ədədi ərizə olmaqla 388 ədəd məktub daxil olmuşdur ki, bu da əvvəlki ildəkindən 54 ədəd çoxdur. Yuxarı təşkilatlara ünvanlanan müraciətlər əsasən maddi köməklik, mənzil, torpaq, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, bələdiyyələrin fəaliyyəti, işsizlik, əmək haqqı, əhalinin sosial müdafiəsi və digər məsələlərlə əlaqədar olmuşdur.

          Hesabat dövründə rayon ərazisindən 731 ədədi ərizə, 9 ədədi şikayət olmaqla 722 ədəd vətəndaş müraciəti daxil olmuşdur ki, bu da əvvəlki ildəkindən 247 ədəd çoxdur. Ümumilikdə daxil olmuş 1119 müraciətlərin 111 ədədi təkrar olmuşdur.

          Təkrar müraciətlər əsasən Ucar şəhər nümayəndəliyində 41 ədəd, Qarabörk nümayəndəliyində 7 ədəd, Əlikənd nümayəndəliyində 37 ədəd, Qazıqumlaq nümayəndəliyində 13 ədəd, Quləbənd nümayəndəliyində 6 ədəd, Lək nümayəndəliyində 6 ədəd olmuşdur.

          2025-ci ildə 19 kollektiv müraciət daxil olmuşdur. Bunlar əsasən Ucar şəhər, Yuxarı Şilyan, Qarabörk, Lək, Qaradağlı, Quləbənd, Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ərazisindən olmuşdur.

          Müraciətlərin 529 ədədi və 47,2 faizi maddi yardımla, 16 ədədi və ya 1,4 faizi torpaq məsələsi, 16 ədədi və ya 1,4 faizi əhalinin sosial müdafiəsi məsələləri, 45 ədədi və ya 4 faizi meliorasiya və su təsərrüfatı, 66 ədədi və ya 5,9 faizi mənzil məsələləri ilə əlaqədar olmuşdur. Ümumilikdə daxil olmuş müraciətlərin 50 faizə qədəri müsbət həll edilmişdir.

          Qeyd olunan dövrdə Rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 1650 nəfərin müraciəti dinlənilmişdir ki, bu da əvvəlki ilə nisbətən çoxdur.

          2022-ci ildən Ucar Rayon İcra Hakimiyyətində “Rəqəmsal İcra Hakimiyyəti” portalı fəaliyyət göstərir. Portalın yaradılmasında əsas məqsəd yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunmasıdır.

          2025-ci ildə “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə xidmətlər bölməsinə 34 müraciət, E-iştirakçılıq bölməsinə 1 müraciət, vətəndaş qəbulu bölməsinə 1 müraciət, müraciətlər bölməsinə 6 müraciət daxil olmuşdur. Müraciətlər vaxtında araşdırılmış və icrası təmin edilmişdir.

          Hesabat dövründə rayonun bütün yaşayış ərazilərində səyyarı qəbullar üçün nəzərdə tutulmuş yerlərdə əhali ilə keçirilən görüşlərdə ölkə Prezidentinin əməli fəaliyyəti barədə məlumatlar verilmiş, əhalinin müraciətləri və təklifləri ümumiləşdirilərək Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına məlumat verilmiş, məlumatlar və şəkillər Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

          İl ərzində sənədləşmə və kargüzarlıq qaydalarına əməl olunması nəzarətdə saxlanılmış, bununla əlaqədar müntəzəm olaraq ərazi nümayəndələri ilə seminarlar keçirilmişdir.

          Rayon İcra Hakimiyyəti Başçısı Aparatında 2020-ci ilə aid sənədlər hazırlanaraq Dövlət Arxivinin rayon şöbəsinə təhvil verilmişdir.

          Rayon sakinlərinin müraciətlərinə qanunvericiliyə uyğun baxılmış, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına ciddi səy göstərilmişdir.

Keçidlər