Rayon haqqında
Mədəniyyət
Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, ədəbi və elmi-fəlsəfi irsin qorununb saxlanılmasından ibarətdir.
01 yanvar 2023-cü il mədəni-maarif müəssisələrinin sayı dəyişməmiş, əhaliyə 17 mədəniyyət evi, 7 klub, 40 kitabxana, Heydər Əliyev Mərkəzi, 1 Tarix-Diyarşünaslıq Muzeyi, 1 Uşaq İncəsənət Məktəbi vasitəsilə mədəni xidmət göstərilmiş, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəliyi tərəfindən rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin xətti ilə bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir.
01 yanvar 2023-cü il vəziyyətinə rayonda 245942 ədəd kitab fondu olan 38 kütləvi kitabxana əhaliyə xidmət edir. Onların 35-i kənd yaşayış məntəqəsində, 3-ü isə rayon mərkəzindədir.
01 yanvar 2023-cü il vəziyyətinə kitabxana fondu 245942 nüsxədən ibarət olmuşdur.
01 yanvar 2023-cü il vəziyyətinə rayonda 2 muzey - Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq muzeyi daimi fəaliyyətdədir.
Heydər Əliyev Mərkəzində 273 ədəd, Tarix-Diyarşünaslıq muzeyində isə 3185 ədəd əsas fond eksponatları vardır.
Rayonda 3 istirahət parkı fəaliyyət göstərir.
Rayonda qeyd olunan el bayramları, tarixi və əlamətdar günlərin əksər hissəsi rayonun mədəniyyət kollektivlərinin yaxından iştirakı ilə keçirilmiş, bu tədbirlər bədii özfəaliyyət kollektivlərinin konsert proqramları ilə yekunlaşmışdır.
2023-cü ildə rayon əhalisinə rayon Mədəniyyət Mərkəzi, 2 Diyarşünaslıq evi, 5 Folklor evi, 9 Mədəniyyət evi, 6 klub, 1 Diyarşünaslıq klubu, 38 kitabxana, Heydər Əliyev Mərkəzi, 1 Tarix-Diyarşünaslıq Muzeyi, 1 Uşaq İncəsənət Məktəbi vasitəsilə mədəni xidmət göstərilmişdir.
Rayon mədəniyyət və folklor evlərində, klublarda əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə tarixi və əlamətdar günlərlə əlaqədar keçirilmiş tədbirlər şöbənin daim diqqət mərkəzində saxanılmış, Heydər Əliyev Mərkəzində, rayon Mədəniyyət Mərkəzində və digər müxtəlif yerlərdə belə tədbirlərin keçirilməsi təmin edilmişdir.
Tarixi və memarlıq abidələri haqqında məlumat
Ucar rayon ərazisindəki abidələr aşağıdakılardır:
1. Ulu Öndər Heydər Əliyevin heykəli. Heykəl rayonun Qazıqumlaq kəndindəki Heydər Əliyev parkında ucaldılmışdır.
2. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin heykəli. Abidə Ucar dəmir yolu vağzalının qarşısında 2006-cı ildə ucaldılmışdır.
3. Ulu Öndər Heydər Əliyevin heykəli.Heykəl rayonun Qazıqumlaq kəndindəki Heydər Əliyev parkında 2006-cı ildə ucaldılmışdır.
4. Ulu Öndər Heydər Əliyevin büstü. Büst Heydər Əliyev Mərkəzində 2011-ci ildə ucaldılmışdır.
5. Ulu Öndər Heydər Əliyevin büstü. Büst Ucar rayonu Qazıqumlaq kəndində 1 № -li orta məktəbdə ucaldılmışdır.
6. Ulu Öndər Heydər Əliyevin büstü. Büst Ucar rayonu Qazıqumlaq kəndində 2 № -li orta məktəbdə 2005-ci ildə ucaldılmışdır.
7. Görkəmli aftolmoloq,akademik Zərifə Əliyevanın büstü. Büst rayonun Qazıqumlaq kəndindəki Zərifə Əliyeva adına xəstəxananın qarşısında 2006-cı ildəucaldılmışdır.
8. Azərbaycanın böyük yazıçısı, ictimai və siyasi xadim N.Nərimanovun heykəli. Abidə Ucar şəhər 1saylı məktəb-liseyin qarşısında ucaldılmışdır. Abidə 1990-1992-ci illərdə tikilmiş,texniki cəhətdən yararlıdır.
9. XV-XVI əsrlərə aid nekropol. Nekropol rayonun Bərgüşad kəndindəki qədim qəbiristanlığın ərazisində yerləşir.
10. 1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əks etdirən abidə. Abidə rayon Mədəniyyət evinin qarşısında ucadılmış və 1976-cı ildə inşa edilmişdir. Abidənin texniki vəziyyəti nomaldır. 2005- ci ildə yenidən qurulmuşdur.
11. 1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əks etdirən abidə. Abidə RİHB-nın Əlikənd kənd üzrə ərazi nümayəndəliyinin həyətində yerləşir. Abidə 1986-1987-ci illərdə inşa edilmişdir. Abidə texniki cəhətdən normaldır.
12. "Şəhid anası" adlı monumental abidə. Abidə Ucar şəhərində "Şəhidlər Xiyabanı"nda ucaldılmışdır. Abidə 1994-ci ildə tikilmişdir.
13. 416-cı Taqanroq Diviziyasının xatirəsinə ucadılmış abidə. Abidə 3 saylı şəhər orta məktəbinin həyətində yerləşir. Abidə taxniki cəhətdən normaldır. 1976-1978-ci illərdə inşa edilmişdir. Diviziyanın əsası 1942-ci ilin mart-sentyabr aylarında Azərbaycan SSR Ucar rayonu ərazisində Nizami adına orta məktəbə (indiki 3 saylı orta məktəb) qoyulmuşdur. Müxtəlif vaxtlarda komandanları C.P.Starojilov, V.T.Maslov, T.A.Əliyarbəyov və başqaları olmuşdur. Diviziyanın tərkibində iki atıcı polk, topçu polku, minomyot və tank vuran qırıcı diviziyonu, torçu və qərargah batareyası, tibb-sanitar batalyonu vardı. Diviziyanın əsas tərkib hissəsini azərbaycanlılar təşkil edirdi. Diviziyada Azərbaycan dilində "Qızıl əsgər" qəzeti nəşr olunurdu. 1942-ci ilin mayında diviziyanın döyüşçüləri təntənəli hərbi and içdikdən sonra, 1944-cü ordunun tərkibində Dağıstan ərazisində yerləşdirildi. Diviziya ilk sınaq döyüşlərinə 1942-ci ilin noyabrın 30-da şimali Qafqazda Mozdok rayonunda başladı. Ümumi əks-hücumda iştirak edən diviziya Starolednev, Kapustino, Mozdok, Stavropol, Armavir və digər yaşayış yerlərinin azad edilməsində mühüm rol oynadı. 1943-cü ildə Taqanroq şəhərinin azad olunması uğrundakı döyüşlərdə göstərdyi yüksək əsgəri xidmətə görə diviziyaya "Taqanroq Diviziyası" Fəxri adı verildi. 1943-cü ildə Melitopol şəhərini azad etməsinə görə diviziya "Qırmızı Bayraq" ordeni ilə təltif edildi. 1944-cü ildə Nikolayev, Kişinyov və Odessa şəhərlərinin azad olunmasında iştirak etdi və bu uğurlarına görə 2-ci dərəcəli Suvorov ordeni ilə təltif edildi. 1945-ci ilin fevralında düşmənin inadlı müqavimətini qıraraq Oder sahilinə çıxdı. Sovet İttifaqı Marşalı K.Jukov diviziyanı Berlinə ilk yol açan hissə adlandırmışdı. Diviziya Berlinin qapısı sayılan Kustrin şəhərini ələ keçirdi. (bu qələbənin şərəfinə Moskvada toplardan yaylım atəşləri açılmışdı) 1945-ci il aprelin 20-də Klosserdorfu tutub və Peyxstaq üzərinə hucuma başlandı. Diviziya mayın 2-də Berlinin Branderburq darvazaları üzərində qələbə bayrağını sancdı.
1942-ci ilin iyunundan 1945-ci ilin mayın 2-dək Ucardan Berlinə kimi 2800 kilometr müzəffər döyüş yolu keçmiş diviziya düşmənin 23 minə yaxın əsgər və zabitini məhv etmiş, 5474 nəfər əsir tutmuş, çoxlu döyüş texnikasını qənimət kimi ələ keçirmişdi. Diviziyanın 8 döyüşçüsünə "Sovet İttifaqı Qəhrəmanı" adı verilmişdi. Ümumən, diviziyanın 14369 nəfər əsgər və zabitləri, SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdi. Reyxstaqın alınmasında böyük qəhrəmanlıq göstərmiş Yusif Sadıqov "Sovet İttifaqı Qəhrəmanı" adı ilə təltif edilmişdi. Diviziyanın bir çox heyət üzvü xarici ölkələrin orden və medallarına layiq görülüb.
14. "Naməlum əsgərin" xatirəsini əks etdirən monumental abidə. Abidə Ucar pambıq zavodunun ərazisində yerləşir. Abidə 1981-1982-ci illərdə inşa edilmişdir. 2010- cu ildə yenidən qurulmuşdur. Abidə texniki cəhətdən yararlıdır.
15. "Su qülləsi" abidəsi. Abidə Dəmir Yolu vağzalının ərazisində yerləşir. Abidə 1949-1950-ci illərdə inşa edilmişdir və texniki cəhətdən yararlıdır.
16. "Su qülləsi" abidəsi. Abidə şəhərin Ş.Fərzəliyev küçəsində yerləşir. Abidə 1953-1954-cü illərdə inşa edilmişdir və texniki cəhətdən yararlıdır.
Ucar rayonunda anadan olmuş görkəmli şəxslər haqqında məlumat
1. Həbibi: Təqribən 1470-1475-ci illərdə, indiki Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. Azərbaycan şairi, əsl adı mənbələrdə çəkilmir. Rəvayətə görə uşaqlıqda çobanlıq etmiş Həbibi təsadüf nəticəsində gənc yaşlarından Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayına gətirilmişdir. Sonralar Şah İsmayıl Xətainin sarayında böyük nüfuz qazanmış, hətta Məlik üş-şüara olmuşdur. Çaldıran vuruşmasından (1514) sonra ömrünü Türkiyədə keçirmişdir. Mənbələrdə Türkiyəyə getməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur. Həbibi lirik şairdir. Lakin sənətkarlığı ilə Füzulini belə heyran edən şairin divanı dövrümüzədək gəlib çatmamışdır. Əbədi irsindən yalnız 50-yə qədər şeri (qəsidə, qəzəl, müsəddəs, tohid, qitə və sair) məlumdur. Şerlərində insan ləyaqətini, mənəvi gözəlliyi, məhəbbəti tərənnüm etmişdir. Həbibinin yaradıcılığı Azərbaycan şerinə (Şah İsmayıl Xətai, Füzuli və başqaları), ümumiyyətlə, türkdilli poeziyaya güclü təsir göstərmişdir. Şerlərinin dili əksər hallarda xalq ifadə tərzinə yaxın və sadədir. Çətin anlaşılan ərəb və fars tərkibləri azdır.
Əsərləri: Şerlər, B. 1981; Qəsidələr, qəzəllər, "Azərbaycan klassik əbədiyyatı kitabxanası", "20 cildə", c. 3, B. 1984.
2. Məlikballı Qurban: XIX əsrdə indiki Ucar rayonunun Məlikballı kəndində yaşamışdır. Əsasən aşıq poeziyası səpgisində şerlər qoşmuşdur. Klassik üslubda müxəmməs, qəzəl, müstəzadları da var, şerlərində məhəbbət və gözəlliyin tərənnümu ilə yanaşı dövrandan şikayət motivləri də mühüm yer tutur.
Əsərləri: Şerlər, "El şairləri" kitabında (toplayanı S.Mümtaz) h-1-2, B. 1935.
3. Əliyev Ehtiram İsrayıl oğlu: 01 avqust 1972-ci ildə Ucar rayonunun Qazyan kəndində anadan olub. Orta təhsilini Ucar rayonunun Qazyan kəndində alıb. 1992-ci ilin iyunun 5-dən 1996-cı ilin avqustuna qədər hərbi xidmətdə olub. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücayətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprel tarixli 307 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Hazırda Bakı şəhərində yaşayır. Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. 2000-ci ildə "Təfəkkür" universitetinə qəbul olunub. Hazırda Bakı Beynəlxalq və Şəhərlər arası Avtovağzalında rəis müavini vəzifəsində çalışır və Bakı şəhərində yaşayır. Ailəlidir. Bir qızı, iki oğlu var. Onu Naxçıvana göndərirlər. Hərbi təlimlər keçən Ehtiram Sədərəkdə və Batabat yaylağında əsl qəhrəmanlıq səhifələri yazır. Daha sonra onu 1993-cü ildə Ağdam cəbhəsinə göndərirlər. 1994-cü il 5 yanvar döyüşçülərimiz hücum edərək erməniləri 45 km geri oturda bildilər bu döyüşdə Ehtiram yaralanmasına baxmayaraq silahı yerə qoymur müalicə olunan kimi yenidən səngərə dönür. 20 aprel 1994-cü ildə onu Tərtər cəbhəsinə göndərdilər. Bu döyüşlər zamanı onlarla erməni qulduru məhv edildi.
4. Məmmədov Elton Arzuman oğlu: 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Tomsk İnşaat Mühəndisləri İnstitutunun avtomobillər və avtomobil təsərrüfatı fakültəsini bitirmişdir. Milli Məclisin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədr müavini olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 18 dekabr 2014-cü ildə Azərbaycan Texniki Universitetinin professoru, Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professoru, Tomsk şəhərinin fəxri vətəndaşı, MDB-nin «Sodrujestvo» ordeni ilə təltif edilmiş, Azərbaycan-İsveçrə, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Misir, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü, Texnika elmləri üzrə fəlsəfə doktoru, professor, “MDB Parlamentlərarası Assambleyası “20 il” medalı, GUAM-ın Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Ailəlidir, 2 övladı var, Bakı şəhərində yaşayır.
5. Hacıyev Şəmsəddin Hümmət oğlu: 08 noyabr 1950-ci ildə Ucar rayonunun Lək kəndində anadan olub. 1966-cı ildə Lək kənd orta məktəbini və 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təssərrüfatı İnstitutunun "Ticarətin iqtisadiyyatı" fakültəsinə bitirmişdir. Milli Məclisin üzvü, Azərbaycan Respublikasının Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri, "Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər" üzrə İqtisad elmləri doktoru, 10 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 1992-ci ildə dosent, 2004-cü ildə isə professor elmi adını almışdır. 110-dan çox elmi əsərin müəllifidir. Bunların sırasında 2 monoqrafiya, 10-a qədər broşura və kitabça, iki dərslik və dərs vəsaiti, 50-yə qədər elmi məqalə, məruzə, tezislər və s. vardır ki, onların da 30-dan çoxu yaxın və uzaq xarici ölkələrdə çap edilmişdir. İndiyə qədər onun bilavasitə elmi rəhbərliyi ilə 7 iqtisad elmləri namizədi hazırlanmış, hazırda 10-dan çox aspirant və dissetantın namizədlik və 3 doktorluq dissertasiya işinin elmi rəhbəridir. Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasının və Tbilisi Dövlət Universitetinin Dissertasiya Şurasının üzvü, Azərbaycan Marketinq Assossiasiyasının vitse-prezidentidir. Ailəlidir, 1 övladı var. Bakı şəhərində yaşayır.
6. Xəlilov Rövşən İbrahimxəlil oğlu: 14 mart 1952-ci ildə Ucar rayonunun Qazyan kəndində anadan olub. 1976-cı ildə MDU-nun fizika fakültəsini bitirmişdir. Ali bitkilərin plazmatik membran və qəfəsələrində ultrabənövşəyi şüalarla oyanma zamanı "binar cavab reaksiyaları", bu sahədə tədqiqat aparan dünya alimlərinin diqqətini cəlb etmiş, bu elmi ədəbiyyata "yeni hal" kimi daxil olmuşdu. Bu təcrübələr göstərdi ki, plazmatik membranın cavab reaksiyalarının surətinin dəyişməsi, membran potensialının depolyarizasiyası və repolyarizasiyası ilə xarakterizə olunur ki, bu da antropogen təsirlər nəticəsində stratosferdə ozon qatının azalması zamanı ultrabənövşəyi şüaların hərəkət mexanizminin potensialını müəyyən etməyə imkan verdi. Bitkilərin biofizikası, fiziologiyası və habelə fotobiologiyası ilə bağlı yeni elmi istiqamətlərin inkişafına yol açdı.1979-cu ildən assistent, dosent, 1992-ci ildən professor BDU ilə bağlıdır. Əsas elmi nailiyyəti Abşeron yarmadasının radioekoloji durumu qiymətləndirilmiş, ərazinin radioekoloji xəritələri tərtib olunmuşdur. Onun rəhbərliyi altında doktorluq və namizədlik dissertasiyaları müdafiə olunmuşdur. Öz elmi nəticələrilə Bolqariya, Almaniya, İran, ABŞ, Türkiyə, Yaponiya və Çində keçirilən elmi konfranslarda iştirak etmişdir. 1990-cı ildə altı ay Çində elmi ezamiyyətdə olmuşdur. 1994-95-ci illərdə Ankara universitetində, 1998-ci ildə Berlinin Humbold universitetində mühazirələr oxumuşdur. Beynəlxalq Elektromaqnit Paramaqnit Rezonansı Cəmiyyətinin və biofizika, biokimya, bitkilərin fiziologiyası ilə bağlı dünya elmi cəmiyyətlərinin və Beynəlxalq Energetika Akademiyasının həqiqi üzvüdür. Bakı Dövlət Universiteti biofizika və molekulyar beynəlxalq yarbiologiya fakultəsinin müəllimidir, Elmlər doktoru, Almaniya Beynəlxalq Elmlər Akademiyasının akademiki, Amerika Beynəlxalq Elektron Paramaqnit Rezonans Cəmiyyətinin üzvüdür. Beynəlxanq Elmlər Akademiyasının Azərbaycan bölməsinin akademiki və Rəyasət heyətinin üzvü və Avropa Fotobiologiya cəmiyyətinin üzvüdür. O, 100-dən artıq çap olunmuş elmi işin, metodik dərs vəsaitlərinin müəllifidir.Ailəlidir, 3 övladı var. Bakı şəhərində yaşayır. Əsas nəşirlərin adları:
1. R.I.Khalilov, I.S.Ahmadov, S.G.Kadirov. Two types of kinetics of membrabe potential of water plant leaves illuminated by ultraviolet light. Bioelectrochemistry, 2002, v.58, p.189-191. 2. R. I. Khalilov and S. R. Khudaverdieva . Role of photorespiration in increase of stability of plants to action UV-B and increased radiating background, Materials of the International Conference "PHOTOSYNTHESIS in the POST GENOMIC ERA: Structure and Function of Photosystems", Moscow, 2006, p.248. 3. Goldfield M.G., Tizapin A.I., Vozvishaeva L.V., Halilov R.I. Paramagnetic centers and photochemical reactions of subchloroplasts fragments of the Photosystem II, -J. Biophizika, 1978,23,2,p.266-277, Moscow. 4. Goldfield M.G., Halilov R.I., Hangulov S.V., Kononeuko A.A, Knox P.P. Correlation of the light-induced change of absorbance with ESR signal of Photosystem II in presence of silicomolybdate. Biochemical and Biophysical Research Communications, 1978, 85, p. 1199-1203. 5. Goldfield M.G., Kononenko A.A, Knox P.P. Halilov R.I, Hangulov S.V. Molar extinction of P680 center of chloroplasts Photosystem II. – J.Biophizika, 1979,24,1,p. 170-172. Ailəlidir, 3 övladı var. Bakı şəhərində yaşayır.
7. Mahmudov Rəfael Umud oğlu: 1954-cü ildə Ucar rayonunun Quləbənd kəndində anadan olub. “Asadov Kapital” MMC-nin direktoru, Biologiya elmləri üzrə fəlsəfə doktoru Ailəlidir, 2 övladı var. Bakı şəhərində yaşayır.
8. Mahmudov Adil Umud oğlu: 23 fevral 1954-cü ildə Ucar rayonunun Quləbənd kəndində anadan olub. 1954-1959-cu illərdə tələbə, fizika fakültəsi, BDU-də təhsil alıb. “Optika və molekulyar fizika kafedrasının professoru, 1990-cı ildə kimya elmləri doktoru, “Yüksək molekullu birləşmələr“ və „Fiziki-kimya“, Moskva, Kimya Texnologiyası İnstitutu. 1967-ci ildə f.r.e.n. „Ümumi fizika“, Moskva Vilayət Pedaqoji İnstitutu. Ultrasəsin yayılma sürəti və başqa fiziki kəmiyyətlər vasitəsilə ikifazalı sulu polimer sistemlərinin əmələ gəlməsinin fiziki kimyəvi aspektlərinin tədqiqini aparmış, Ultrasəs dalğalarının udulmasının molekulyar kristallarda ərimə temperaturu ətrafinda onların kristal dənəciklərinin ölçülərindən asılılığının tədqiqi. Ultrasəs dalğalarının yayılması və udulmasına aid beynəlxalq konfransda iştirak etmişdir. seçilmiş əsərlərindən
1. E.Ə. Məsimov, T.O. Bağırov, A.U. Mahmudov, B.Yu. Zaslavski. Maye məhlullarda fazalara ayrılma, Journal of Qafqaz University №21, Bakı, 2008.
2. A.U. Mahmudov, T.O. Bağırov, Həsənova X.T. Bəzi polimerlərin sulu məhlullarının səthi gərilmə əmsalının temperaturdan asılılığı, ”Fizikanın aktual problemləri”, Bakı, 2008
3. E.Ə. Məsimov, A.U. Mahmudov, B.G. Paşayev, G.C. Abbasova, S.X. Sadıxova. H3BO3,C4H6O6C4H4O6Na2•2H2O birləşmələrinin sulu məhlullarının özlü axınının aktivləşmə entropiyası,
4. “Fizikanın aktual problemləri”, Bakı, 2006
5. A.U. Mahmudov, A.Ə. Həsənov, E.S. Qarayev. Bir daha cismin çəkisi haqqında. Fizika, riyaziyyat və informatika tədrisi məcmuəsi, №3(173), 2005
6. A.U. Mahmudov, E.Ə.Eyvazov, S.A. Hacıyev Səthi gərilmə istiliyinin təyini. AMEA Fizika İnstitutu, Fizika Jurnalı №1, Bakı, 2005
7.B.Y. Zaslavsky, A.U. Mahmudov, L.M. Miheeva, T.O. Bagirov, A.A. Borovskaya and M.N. Rodnikova. Structure of water as key factor of phase separation in aqueous mixtures of two nonionic polymers. Polymer, №30, p.2104-2111, 1989.
8. B.Y. Zaslavsky, A.U. Mahmudov, L.M. Miheeva, T.O. Bagirov, Yu.P.Aleschko-Ozhevskii and E.S. Qaraev. Distribution of inorganic salts between the coexisting phases of Aqueous two-phase systems. Interrelationship between the ionic and polymer components of the phases. J.Chromatogr., №439, p.267-281, 1988.
9. B.Yu. Zaslavski, A.U. Mahmudov, T.O. Bağırov, A.A Borovskaya, G.Z. Gasanova Aqueous biphasic systems formed by nonionic polymers II. Concentration effects of inorganic salts of phase separation. Colloid Polymer Sci., v.265, p.548-552, 1987.
10. E.Ə. Məsimov, A.U. Mahmudov, B.Yu. Zaslavski, T.O. Bağırov. Qeyri-ion polimerləri vasitəsilə ikifazalı sulu polimer sistemlərinin əmələ gəlməsi. 1. Fazalara ayrılmaya qeyri-üzvü duzların təsiri, SSRİ EA-nın məruzələri, c 288, №4, 1986
11. B.Y. Zaslavsky, A.U. Mahmudov, A.A. Borovskaya, G.Z. Gasanova, V.Y. Levin Aqueous biphasic systems formed by nonionic polymers. I..Effect of inorganic salts of phase separation. Colloid Polymer Sci., v.264, p.1066-1071, 1986.
Kitablarından
1 .B.Yu. Zaslavski, L.M. Miheyeva, G.Z Həsənova, A.U. Mahmudov. Dekstran-poli(etilenqlikol) ikifazalı sistemlərində polimer tərkibinin nisbi hidrofobluğuna təsiri. Xromatoqrafiya məcmuəsi, 403-cü cild, 1987.
2. B.Yu. Zaslavski, L.M. Miheyeva, Yu.P. Aleşko-Ojevsky A.U. Mahmudov, T.O. Bağırov, E.S. Qarayev İkifazalı polimer sistemlərində qeyri-üzvü duzların fazalarda paylanması. 3.İonlarla fazalardakı polimerlər arasında qarşılıqlı əlaqə. Xromatoqrafiya məcmuəsi, 439-cu cild, 1988
4. A.U. Mahmudov “Molekulyar fizikadan məsələ həllinə aid praktikum”, dərs vəsaiti, 120 səh., Bakı, 2001
5. A.U. Mahmudov “M. Abdullayevin mexanikaya aid məsələlərinin həlli”, dərs vəsaiti, 150 səh., Bakı, 2003
6. A.U. Mahmudov “M. Abdullayevin molekulyar fizikaya aid məsələlərinin həlli”, dərs vəsaiti, 215 səh., Bakı, 2005
7. A.U. Mahmudov “Fizika praktikumu (molekulyar fizika)”, dərs vəsaiti, 102 səh., Bakı, 2006
9. Rəhimov Ağarəhim Nüsrət oğlu: 26 oktyabr 1948-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olub. 1965-ci ildə Boyat kənd orta məktəbini, 1972-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib 1992-ci ildən Azərbaycan Qızlar Universitetinin rektoru Pedaqoji elmlər doktoru, professor, nasir və dramaturqdur. Elmi fəaliyyəti “Ana dili tədrisinin aktual problemləri”nə həsr olunub. Onun 300-dən artıq elmi-nəzəri və praktik məqaləsi, ana dili tədrisinin problemlərinə aid 46 kitab və kitabçası, o cümlədən IV sinif üçün "Azərbaycan dili", ali pedaqoji məktəblərin pedaqoji fa¬kültələri üçün "Ana dilinin tədrisi metodikası" dərslikləri, "Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri və praktiki əsasları" və "İbtidai siniflərdə oxu təlimi", “Azərbaycan dili dərslərində şagirdlərdə monoloji nitqin inkişafı”, “Şagirdlərin obrazlı nitqinin inkişafı” monoqrafiyaları çap olunub. Uzun müddət ixtisaslaşdırılmış Müdafıə Şurasının üzvü olub, namizədlik və doktorluq dissertasiyalarına opponentlik edib. Alimin pedaqoji elmlər sahəsində magistr və doktorantların hazırlanmasında böyük əməyi vardır. Yüksək elmi-təşkilati fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanlarını, Qabaqcıl Təhsil işçisi medalını alıb. Azərbaycan Yazıçılar Bìrlìyìnìn üzvü, “Qızıl Qələm” , “Qızıl ürək” mükafatlarının laureatıdır. Etìk fəlsəfə sahəsìndə “Allah¬la ünsìyyət“, “Ölüm və ölməzlìk“, “Zəka sìmfonìyası“ “Düşüncələr”, “Qüdrətdən doğan nur” kitabları və fəlsəfi-əxlaqi esselərin müəllifidir. Görkəmli nasir və drama¬turqdur. Yazıçı hekayə, povest, roman, esse, pyes və kinossenarilərdən ibarət 31 bədìì kìtabın müəlìfìdìr. 20 cilddə seçilmiş əsərlərini çap etdirib. 200-ə qədər hekayəsi, o cümlədən “Hikkəbaz Gülsənəm”, “Bu ki komediyadır”, “Əcəb işə düşdük”, “Toy əhvalatı”, “Canavar balası”, “Molla-aşıq Məməti” və başqa hekayələri, “Gəlìn¬qayada qoşa məzar“, “Ulu kəndìm“, “Fırıldaqçı Nìftulla”, “Mənim qəribə taleyim”, “Taleyin hökmü”, “Bank əməliyyatı”, “Əcəl təri”, “Meteor parçası”, “General” və “Tənha çinarın pıcıltıları” povestlərì, “Yaddaşda yaşar xatirələr”, “Ovlaq keçidi”, “İkìlì dünyam”, “Qoşa qanad”, “Səfalət”, “Gìr¬dab”, “Cinayət və etiraf”, “Təxribat” və “Mürdəşirlər adası” romanları, “Əl əlì yuyar”, “Məhəbbət və cìnayət”, “Xəyanət”, “Haray”, “Maska”, “Nə tökərsən aşına”, “Qatillər”, “Vicdan məhkəməsi”, “Əcaib macəranın nadürüst tipləri”, “İstintaq yekunlaşdı”, “Dünyanın beş günü”, “Daşqala əməliyyatı”, “Düdəməli qalmaqalı”, “Qatı cinayətkarlar”, “Qadın hikkəsi”, “İblisin oyunu”, “Xəcalət”, “Cələkəsənlər”, “Şərikli uşaq”, “Namərd körpüsü”, “Qırmızı qar”, “Ca¬navar balası“, “Əsgər anası”, “Xanımın desant batalyonu” və “Qızıl əllər” pyeslərì oxucuların dərin rəğbətini qazanıb. A.N.Rəhimov “Canavar balası”, “Qırmızı qar”, “Əsgər anası”, “Bazar həngaməsı və ya gicbəsərlər”, “Ala qarğa”, “Quzğun”, “Kələkbazlar”, “Qana qan”, “Hörümcək toru”, “Uçurum” və “Qəzəb” kinossenariləri, “Duyumlar və deyimlər” müdrük kəlamlar, portret-oçerk və müsahibələrin müəllifidir. A.N.Rəhimovun “Əsgər anası”, “Məhəbbət və cìnayət”, “Pul hərisləri” əsərləri tamaşaya qoyulub, “Canavar balası“ və “Qırmızı qar“ əsərlərì əsasında film çəkilib. Rus və ingilis dillərində hekayə, povest, roman və etik-fəlsəfi esselərindən ibarət “Modern Azerbaijanian Prose”, “Anxieties of the sensitive heart”, “Stories”, “Short stories”, “Shine from the Creator” və “Мать солдата» kitabları xaricdə çap olunub. A.N.Rəhimovun bədii yaradıcılığı haqqında “Sözün divanı və vətəndaş yanğısı”, “Sənət və şəxsiyyət”, “Kökün və sözün yaddaşı”, “Bir nəsrin poetikası”, “Zamanın üzü, yazıçının sözü”, “Qələmin ucu, qılıncın gücü”, “Nəsrin axarı: zaman və məkan konteksti”, “Dramaturq: sənət və həqiqət”, “Ağarəhim Rəhimov bədii nəsrinin dil və üslub özəlliyi”, “Yazıçı karyerası: dilin və sənətin işığında” monoqrafiyaları çap olunub. "Əsgər anası", "Məhəbbət və cinayət" pyesləri tamaşaya qoyulmuşdur. "Canavar balası", "Qırmızı qar" kinossenariləri əsasında bədii televiziya filmləri çəkilmişdir. Ailəlidir, 3 qızı, 1 oğlu var. Bakı şəhərində yaşayır.
10. Əzimov Mirəli Məmməd oğlu: 20 sentyabr 1946-cı ildə Ucar rayonunun Müsüslü kəndində anadan olub. 1953-cü ildə Müsüslü kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Politexnik İnstitunun Mexanika fakultəsi «Maşınqayırmanın texnologiyası, metalkəsən alətlər və dəzgahlar» ixtisasına daxil olmuş, 1969-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Texniki Universitetinin dosenti Texnika elmləri üzrə fəlsəfə doktorudur. 1970-ci ildə «Materiallar müqaviməti» kafedrasına asissent vəzifəsinə keçirilmişdir.1981-ci ildə kafedranın baş müəllimi vəzifəsinə təyin olunmuşdur. 1987-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adını almışdır. 1991-ci ildə kafedranın dosenti vəzifəsinə seçilmiş və hal-hazırda həmin vəzifədə çalışır. Bir çox elmi məqalələrin və elmi-metodiki işlərin müəllifidir. Çap olunmuş elmi-metodiki işləri
1. SMU universal stenddə «Materiallar müqaviməti» kursundan laboratoriya işlərinin aparılması üçün Metodik göstəriş. Bakı-2000, 44 səh.
2. Yastı əyilmə və dayanıqlığı hesablamalar (Materiallar müqaviməti fənni üzrə metodik göstəriş). Bakı – 2001, 26 səh.
3. Dartılma, sıxılma və burulmada hesablamalar (Materiallar müqaviməti fənni üzrə metodik göstəriş). Bakı-2004, 21 səh.
4. Dirsəkli valın möhkəmliyə hesablanması (Materiallar müqaviməti fənni üzrə metodik göstəriş). Bakı – 2006, 18 səh.
5. Müstəvi çərçivələrin hesabı (Materiallar müqaviməti fənni üzrə metodik göstəriş). Bakı – 2007, 24 səh.
6. Elastiklik həddi xaricində dartılma-sıxılma məsələləri (Materiallar müqaviməti fənni üzrə metodik göstəriş). Bakı-2009, 30 səh.
7. Sıxılan milin dayanıqlığa hesabı (Materiallar müqaviməti fənni üzrə metodik göstəriş). Bakı-2011, 23 səh.
8. Materiallar müqaviməti fənnindən mühazirələrin qısa məzmunu (Elektron variant). Bakı-2012, 157 səh.
Ailəlidir, 2 övladı var. Bakı şəhərində yaşayır.
11. Sədrəddinov Sədrəddin Ələkbər oğlu: 27 sentyabr 1941-ci ildə Ucar rayonunun Pirkənd kəndində anadan olub. 1958-ci ildə Ucar rayonunun Küçəkənd kənd orta məktəbində, 1968-1974-cü illərdə BDU-nun Fizika fakültəsində ali təhsil alıb. Bakı Dövlət Universitetinin dosenti, Fizika elmləri üzrə fəlsəfə doktoru, 1965-ci ildən BDU-nun Fizika fakültəsinin Ümumi fizika kafedrasında işləyir. 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır, „Nazik təbəqəli ftalosianin və onun metal komplekslərində yükdaşınma mexanizmlərinin tədqiqi“ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ümumi fizika kursundan mühazirələr, məşğələ və laboratoriya işləri və s. 28 məqalə və tezisin, 1 dərs vəsaitinin müəllifidir. 2003-Bakı,Azərbaycan. “Rabitə Nazirliyinin yaranmasının 85 illiyinə həsr olunmuş Respublika elmi-texniki konfransı”,2004-Bakı, Azərbaycan “Fizikanın aktual problemləri”, III Respublika konfransı 2007-Bakı, Azərbaycan “Fizikanın aktual problemləri”. I Respublika konfransında iştirak etmişdir. Üzvü yarımkeçirici maddələrin nazik təbəqələrinin alınması və bu təbəqələrdə yükdaşınma mexanizmlərinin tədqiqini aparmışdır. Əsərlərindən
1. M.M.Panahov, S.A.Sadraddinov, J.H.Jabbarov, B.Sh.Barkhalov „Fotoelement with Schottky barrier on the base of the magnesium phthalocyanine organic semiconductor“. J.Phisus. V.IX, N2, 2003, p.10-11
2. M.M.Panahov, S.A.Sadraddinov, J.H.Jabbarov, B.Sh.Barkhalov „The mekhanizm of electrical conductivity in thin – film structure on the basis of the organic semiconductor vanadium phthalocyanine“. J.Physics. V.XI, N3, 2005, p.7-9
3. S.Ə.Sədrəddinov „Elektromaqnetizm bölməsi üzrə məsələlər“, dərs vəsaiti, BDU, 2006, 336 səh.
4.S.Ə.Sədrəddinov „«Исследование механизма электропроводности тонкопленочных структур на основе органических полупроводников“, Fizika-Riyaziyyat elmləri seriyası, 2008, s. 144-151,
Kitablarından “Elektromaqnetizm bölməsi üzrə məsələlər”, dərs vəsaiti kimi istifadə edilir.
Ailəlidir, 3 övladı var. Bakı şəhərində yaşayır
12. Bayramov Ağalar Xanlar oğlu: 16 yanvar 1954-cü ildə Ucar rayonunun Boyat kəndində anadan olub. Bakı Mədəni-Maarif Texnikumunu, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1984-cü ildən Tədris teatrında aktyor kimi fəaliyyətə başlamış, 1991-ci ildən bu günə kimi həmin Universitetin “Səhnə danışığı” kafedrasında dosent kimi, aktyorlara “Səhnə danışığı fənnini tədris edir. 2001-ci ildə “İlin ciddi sənətcisi” nomenasiyası üzrə mükafata və diploma, 2002-ci ildə “Respublikanın Əməkdar artisti” fəxri adına, 2003-ci ildə isə “Qızıl qılınc” mükafatına layiq görülüb. Dünya Azərbaycanlı-ları Konqesinin (rəhbəri Paşa Qəlbinur) İdarə Heyətinin üzvü və mədəniyyət mərkəzinin rəhbəridir. Bir neçə filmdə baş rola çəkilib. C.Məmmədquluzadə – “Kişmiş oyunu”, Türkçülükdən bəhs edən “Tanrı işığı”, Məhəmməd Peyğəmbərə həsr olunmuş “Adın hikməti”. 1983-cü ildən bu günə qədər Dövlət Teleradio şirkətində bədii qiraətci-aktyor kimi çalışmaqdadır. Onun ssenarisi üzrə çəkilmiş və özünün iştirak etdiyi 11 ədəbi teatr televiziyanın qızıl fondunda qorunub saxlanmaqdadır. Bunlar Aşıq Ələsgər, Məmməd Araz, Fikrət Qocanın əsərlərindən ibarət olmuşdur. 2004-cü ildən DAK-ın qurultaylarında və keçirdiyi tədbirlərində fəal iştirak edib. 2014-cü ilin 20-24 iyul tarixində Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən X (növbədənkənar) Birlik qurultayında, Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri seçilib. DAK-dakı fəaliyyətinin başlıca məqsədi parçalanmış vətənimizin bütövlüyünə, Güney Azərbaycanımızın müstəmləkə buxovundan azad olmasına nail olmaqdan ibarətdir. Harada çıxış etməsindən asılı olmayaraq, gənc nəsilə Bütöv Azərbaycanın varlığını, keçdiyi keçmə-keçli yolları aşılamaqdan ibarətdir. Ailəlidir, 2 övladı var, Bakı şəhərində yaşayır.
13. Rəhimov Əhliman Rəhim oğlu: 1955-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənəti kafedrasının müdiridir. Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət işçisidir. Respublika Aşıqlar Birliyinin üzvüdür. Ailəlidir, 3 övladı var, Bakı şəhərində yaşayır.
14. Əhədov Ağamirzə Qulam oğlu: 18 oktyabr 1937-ci ildə Ucar rayonunun Çiyni kəndində anadan olub. 1968-ci ildə Sverdlovsk Sənaye institutunu bitirimş, iqtisadçı ixtisasına yiyələnmişdir. Sumqayıt “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. YAP Sumqayıt şəhər təşkilatının şura üzvüdür. Ailəlidir, 5 övladı var. Sumqayıt şəhərində yaşayır. 04 iyun 2016-cı ildə dünyasını dəyişib.
15. Zahidova Vəsilə Alı qızı: 10 mart 1922-ci ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Ali təhsillidir. Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1943-1954-cü illərdə inzibati idarələrdə işləmiş, Boyat kənd sovetinin sədri olmuşdur. 1954-cü ildən 1983-cü ilədək "Sovet Azərbaycanı" kolxozunun sədri işləmişdir. 1960-cı illərdə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (5,7,9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir. 1966-cı ildə "Sosialist Əməyi Qəhrəmanı" fəxri adını almışdır. 2002-ci ildən Prezident təqaüdçüsüdür. Ucar şəhəri, M.Hüseynzadə küçəsi 21 saylı evdə yaşayıb. 02 may 2005-ci ildə vəfat etmişdir.
16. Böyükağa Yəhyayev: 1948-ci ildə Ucar rayonunda anadan olub. 1973-cü ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1978-ci ildə V.Muxina adına Leninqrad Rəssamlıq institutunu bitirib. 1990-cı ilə qədər Moskva və Leninqradda keçirilən sərgi və müsabiqələrdə fəal iştirak edib. 1992-ci ildən «Günəş» jurnalının bədii redaktoru vəzifəsində çalışır. Respublika mətbuatında karikaturaçı rəssam kimi fəaliyyət göstərir. Bir çox respublika və beynəlxalq sərgilərin iştirakçısıdır. 2005-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 2006-cı ildə Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvü olmuşdur.
17. Hüseyn Haqverdiyev: 1956-cı ildə Ucarda anadan olmuşdur. Rəssam Həsən Haqverdiyevin və Vera Kalininanın oğlu olaraq 1958-ci ildə ailəsi Bakıya köçmüşdür. 1971-ci ildə Əzim Əzimzadə adına İncəsənət kollecinə daxil olmuş, 1975-ci ildə ordan məzun olmuşdur. Həmin il Vera Muxina adına Leninqrad ali incəsənət akademiyasına daxil olmuş, heykəltaraşlıq fakültəsini 1980-ci ildə bitirmişdir. 2003-cü ildə Azərbaycan Respublikası xalq artisti titulu verilmişdir. Azərbaycan Həvari Prefektinin baş kafedral kilsəsi olan Müqəddəs Bakirə Məryəm kilsəsindəki "Bakirə Məryəm" heykəlinin müəllifidir. Səngəçal terminalının girişindəki "Xəzər dənizi əfsanəsi" əsərinin müəllifidir. İlk simpoziumu 1980-ci ildə nümayiş olunmuşdur. Hindistan, ABŞ, Almaniya, Gürcüstan, BƏƏ kimi ölkələrdə sərgi və simpoziumları baş tutmuşdur. 2014-cü ildə Özbəkistanda solo sərgisi baş tutmuşdur. Bakıda yaşayır. Əli Haqverdiyev, Ucal Haqverdiyev, Səidə Haqverdiyeva, Aidə Haqverdiyeva və Zemfira Qafarovanın qardaşıdır.
18. Mübariz Əsgərov: 20 yanvar 1962-ci ildə Ucar rayonunda anadan olub. Moskva Dövlət Universitetinın jurnalistika fakültəsini bitirib. 1992-1998-ci illərdə AzTV-də işləyib. 1998-ci ildən ANS TV-də çalışır. Qulp satirik telelayihəsinin və "Mübarizə" verilişinin müəllifidir. tanınmış telejurnalistdir.
19. Məhərrəm Paşa oğlu Zülfüqarlı: 19 avqust 1955-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunda anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsi əyani şöbəsini, 1986-cı ildə həmin universitetin aspiranturasını bitirmişdir. 1990-cı ildə Bakı Dövlət Universitetinin Elmi Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini almışdır. 1977-1980-ci illərdə dövlət təyinatı ilə Saatlı rayonu Nərimankənd orta məktəbində müəllim işləmişdir. 1980-1981-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunda baş laborant vəzifəsində çalışmışdır. 1981-1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəlcə müəllim, sonra isə baş müəllim vəzifələrində işləmişdir. 1990-cı ildə Bakı Dövlət Universitetinin Elmi Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini almışdır. 1992-1993-cü illərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatında humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışmışdır. 1994-1995-ci illərdə Sumqayıt şəhər Mənzil Təsərrüfat Birliyində baş metodist işləmişdir. 1995-1996-ci illərdə Sumqayıt Texnologiya Texnikumunda müəllim işləmişdir. 1997-ci ilin aprel-dekabr aylarında “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzində jurnalist vəzifəsində işləmişdir. 1998-2001-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim işləmişdir. 1998-2001-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası sədrinin müavini olmuşdur. 2000-2001-ci illərdə Bakı Biznes Universitetində baş müəllim, magistratura şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2004-2005-ci illərdə Azərbaycan Milli Araşdırma Assosiasiyasının icraçı direktor vəzifəsində çalışmışdır. 2005-ci ilin May-Oktyabr aylarında “İctimai Liderlər” seçki blokunun rəhbəri olmuşdur. 2005-ci ilin Dekabr ayından İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədridir. 2007-ci ilin Sentyabr ayından Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəridir. 2008-ci ilin fevral ayından Azərbaycan Turizm İnstitutunun dosentidir. Qafqaz Media Tədqiqatlar Mərkəzinin “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə medianın rolu” mövzusunda keçirdiyi müsabiqənin mükafatçısıdır. Bir sıra beynəlxalq konfranslarda məruzəçi və iştirakçı qismində iştirak etmişdir. 28 kitabın, 13 metodik işin, 38 elmi və 573 qəzet məqaləsinin müəllifidir. Evlidir, 2 övladı var.
20. Məlikballı Qurban: XIX əsrdə indiki Ucar rayonunun Məlikballı kəndində 1865-ci ildə anadan olmuşdur. Əsasən aşıq poeziyası səpgisində şerlər qoşmuşdur. Klassik üslubda müxəmməs, qəzəl, müstəzadları da var, şeirlərində məhəbbət və gözəlliyin tərənnümu ilə yanaşı dövrandan şikayət motivləri də mühüm yer tutur. 1943-cü ildə vəfat etmişdir.
21. Natiq Qubad oğlu Babayev: 20 may 1959-cu ildə Ucar rayonunun Qaradağlı sovetliyinin Çiyni kəndində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1989-cu ildən 2005-ci ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor, böyük redaktor vəzifələrində işləyib. 2005-ci ildən bu günədək İctimai Televiziya və Radioyayımları Şirkətində Koordinasiya və proqram direktorluğunun direktor müavini vəzifəsində çalışır. Natiq Qubadoğlu bədii yaradıcılıq sahəsində də uğurla qələm işlətmişdir. “Bəlkə bir də görüşdük”, “Mənsiz dözə bilsən”, “Yaşayan məhəbbət” şeirlər kitabının, “Bir kəndin nağılı” telehekayələr və "Püsyan eli" kitabının müəllifidir. AMEA-nın dissertantıdır. İctimai Televiziya və Radio Yayımları Şirkətində “Bir kəndin nağılı” adlı Azərbaycan toponimlərinə həsr olunmuş televiziya layihəsinin müəllifi və aparıcısıdır. Ailəlidir. Iki övladı var.
Əsərləri: "Bir kəndin nağılı" kitabında ölkəmizin taninmış şəxsiyyətlərinin ata-baba yurdu olan kəndlərindən söhbət açılır, tarixi, təbiəti, insanları barədə məlumat verilir. Hər bir ziyalının doğulub boya-başa çatdığı doğma kəndinin müəlliflə birgə ziyarət etməsi, ağsaqqallarla, ziyalılarla, sadə əmək adamları ilə görüşü oxucu marağını cəlb edir. "Püsyan eli"- (Tarixi-ğenealoji tədqiqat). Jurnalist-etnoqraf Ənvər Çingizoğlu ilə birgə hazırlanan bu kitab Azərbaycan xalqının etnogenizində, siyasətində və mədəniyyətində mühüm rol oynayan Püsyan eli və oymaqlarının yaşam yolundan bəhs edir."Bəlkə bir də görüşdük"- (şeirlər). "Mənsiz dözə bilsən"- (şeirlər). "Yaşayan sevgi"- (bədii-sənədli poema)."İlham-Fərizə" poeması əsasında yazılan eyniadlı liberetto müqəddəs sevginin epizodlarını göz önünə gətirir.
22. Orucov Novruzəli Hüseyn oğlu: 1962-ci ildə Ucar rayonunda anadan olub. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayordur. Ucar şəhərindəki 2 nömrəli orta məktəbdə təhsil alıb. 1969-cu ildə, 6 yaşında ikən atasını itirib. Zaqafqaziya Hərbi Dairəsində-Gürcüstanın Qori şəhərində kiçik tank komandirləri kursunu bitirib. Sonra Axalkələkdəki 13-cü qvardiya diviziyasında kiçik tank komandiri kimi müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmət zamanı göstərdiyi şücaətə görə «Döyüş xidmətlərinə görə» medalı ilə təltif olunub. Hərbi xidməti bitirdikdən sonra bir müddət zavodda fəhlə işləyib. Daha sonra Xarkov Ali Hərbi Tank Komandirləri məktəbinə qəbul olunub. Sovet ordusunun Macarıstandakı hərbi birləşməsində 1 il kəşfiyyat taqımının komandiri, sonra isə müvafiq olaraq tank taqımının və bölüyünün komandiri vəzifələrində çalışıb. Azərbaycana 1991-ci ildə gələn N.Orucov bir müddət Salyan Rayon Hərbi Komissarının müavini vəzifəsində çalışıb. Qazax rayonunun müdafiəsində, həmçinin Füzulidə tank taborunun komandiri kimi döyüşlərdə iştirak edib. N.Orucov 2007-2012-ci illərdə KHVTİC Respublika Şurasının sədri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2010-cu il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib. 2012-ci ilin may ayından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinidir.
23. Seyidağa Mövsümlü: 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, tale elə gətirib ki, tamamilə başqa bir istiqamətə-televiziya sahəsinə gedib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. 1988-ci ildə erməni daşnaklarının törətdikləri cinayətləri videolentə çəkmək üçün dəfələrlə Şuşa, Laçın, Zəngilan, Naxçıvan və digər bölgələrimizdə olub. Özünün də dediyi kimi, həyatının ən ağır anları başımıza gətirilən müsibətləri lentə aldığı günlər olub. 1990-cı il yanvarın 20-də Sovet ordusu Bakıda qırğınlar törədəndə Seyidağa müəllim həyatını təhlükəyə ataraq bu dəhşətli səhnələri çəkmişdi. Qarabağda qızğın döyüşlərin getdiyi günlərdə isə o, Azərbaycanın müdafiəsinə qalxmış, könüllü olaraq cəbhəyə yollanmışdı. 1991-ci ilin son ayından atəşkəs elan olunan dövrədək müxtəlif döyüş bölgələrində olmuş, bəzən kamerası ilə o anları tarixin yaddaşına köçürmüş, bəzən isə vaxtilə Sovet İttifaqının xüsusi təyinatlı dəstəsində xidmət etmiş təcrübəli hərbçi kimi, silahdaşları ilə birlikdə hərbi əməliyyatlarda yaxından iştirak etmişdir. Onun ən böyük xidmətlərindən biri isə 1992-ci il fevralın 26-sı ermənilərin Xocalıda törətdiyi insanlığa sığmayan dəhşətli qətlləri lentə almasıdır. Seyidağa Mövsümlü Xocalı soyqırımını 26 fevral 1992-ci ildə ilk hərbi operator kimi lentin yaddaşına köçürmüşdür. Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası)(Aztv), Kökdən düşmüş piano (film, 1982), Bağışla (film, 1983), Göz həkimi (film, 1985), Gülüş sanatoriyası (film, 1989), Günəşin batdığı yer... (film, 2012), Səndən xəbərsiz (film, 1985), Sən həmişə mənimləsən (film, 1987), Səhər (veriliş, 1995), Səmədbəy (film, 1995), Pəncərədə işıq (film, 1987)
24. Beydulla Ağaəli oğlu Musaev: 10 avqust 1907-ci ildə Ucar rayonunda toxucu ailəsində anadan olmuşdur. İbtidai təhsili doğma Ucarda almış, Bakıda Pedaqoji Texnikumunu bitirən B.Musayev Mahaçqalada dil və ədəbiyyat müəllimi kimi əmək faliyyətinə başlamışdır. «Dağıstan füqərası» qəzetində və «Yeni yol» jurnalında çalışdığı illərdə (1926-1939) ilk hekayələri mətbuatda dərc olunmuşdur. Moskva Dövlət Universitetinin Ədəbiyyat fakültəsində təhsilini davam etdirərkən tərcüməçilik sənəti ilə yaxından maraqlanmağa başlamışdır. Sonralar Bakıda Pedaqoji Texnikumda ədəbiyyat müəllimi, «Ədəbiyyat qəzeti»ndə şöbə müdiri və məsul katib, eyni zamanda bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin Tərcüməçilər bölməsinə rəhbərlik etmişdir. Bütün ömrünü bədii yaradıcılığa və tərcümə məsələlərinə həsr etmiş Beydulla Musayev 30-a yaxın kitabın rus dilindən Azərbaycan dilinə tərcüməsini həyata keçirmişdir. Dünya ədəbiyyatı klassiklərinin onlarla əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Anatol Fransın «Mələklərin üsyanı» (1933), Aleksandr Dümanın «Üç müşketor» (1949), Viktor Hüqonun «Qavroş» (1979) və «Səfillər» (1988), Artur Konan-Doylun «Baskervillərin iti» (1980), Covanyolinin «Spartak» (1970) və s. əsərlərin tərcüməsi B.Musayevə aiddir. Tərcüməçinin rus ədəbiyyatından etdiyi tərcümələr də diqqəti cəlb edir. Novikov-Priboyun «Susima», Aleksey Tolstoyun «Birinci Pyotr», M.Saltıkov-Şedirinin «Seçilmiş əsərləri», Fyodor Dostoyevskinin «Cinayət və cəza», Lev Tolstoyun «Sevastopol hekayələri, Valentin Katayevin «Alay oğlu» və s. əsərlər Azərbaycan dilində tərcümə ədəbiyyatı fondunun incilərindəndir. 1942-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, tərcüməci olub. 1979-cu il iyun ayının 23-də Bakıda vəfat etmişdir.
25. Abışova Vüsalə Mahir qızı: 5 avqustu 1979-cu ildə Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olub. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kənd 1 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirib. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, ixtisası folklorşünas-mifoloqdur. 1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlayıb. “Bakı Universiteti”, “Hürriyyət” qəzetləri ilə əməkdaşlıq edib, 1998-2000-ci illərdə “Bu gün” qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışıb. 2000-2001-ci illərdə “Məkan” qəzetində baş redaktor müavini işləyib. 2001-2003-cü illərdə «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2004-cü ilin noyabr ayından “Azəri-Press” İnformasiya Agentliyini (APA) təsis edib. 2007-ci ildə Azərbaycanın ilk idman agentliyi olan “APASport” agentliyini təsis edib. 2008-ci ildən etibarən “Lent.Az” İnformasiya Agentliyini, 2009-cu ildən isə “Vesti.az İnformasiya Agentliyini, 2010-cu ildən isə rus dilində fəaliyyət göstərən “APA-Ekonomist” jurnalını təsis edib. 2011-ci ildə "APA Servis" MMC-ni təsis edib. Azərbaycan Jurnalistlərinin III (I) qurultayında Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib. 22 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adına layiq görülüb. 22 iyul 2012-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatına layiq görülüb. ABŞ, Fransa, Türkiyədə istehsalat təcrübələri keçib. Beynəlxalq səviyyəli tədbirlərdə media ilə bağlı çıxışlar, Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı məruzələr edir. jurnalist, "APA-Holding" MMC-nin prezidenti.
Televiziya, radio, qəzet və digər kütləvi informasiya vasitələri haqda məlumat
1. Rayonda “Yeni söz” rayon qəzeti dərc edilir. “Yeni söz” ictimai-siyasi qəzetdir. Əsası 1941-ci ildə qoyulmuş və rayon Partiya Komitəsinin orqanı olmuşdur. Hazırda ayda bir dəfə 300 nüsxə ilkə dərc edilməklə ictimai-siyasi qəzetdir.
Qəzetin ayrıca 2 mərtəbəli redaksiya binası vardır. Bina birtipli layihə əsasında tikilmişdir. Rayonda radio, televiziya və digər kütləvi informasiya vasitələrinin rayon təşkilatları fəaliyyət göstərmir.